Millimizin əldən çıxan xal(lar)ı QEYD

17:18 - 12 İyun 2017

Hə, həyat belədir. Bəzən uğura layiq olduğun vaxtda uğursuzluğa düçar olursan və ya əksinə. Milli komandamız da qələbəyə layiq olduğu bir vaxtda məğlub oldu. Robert Prosineçki də məyusdu, futbolçular da. Axı, nə Norveç üzərində qələbə qazananda, nə də Çexiya ilə heç-heçə edəndə millimiz bu qədər yaxşı təsir bağışlamışdı. Maraqlıdır ki, Şimali İrlandiya ilə matçda millimizin sərgilədiyi oyunu tənqid eləyənlər də var. Olsun, kiməsə futbol öyrətmək kimi niyyətim yoxdur, nə də kiminsə futbolu səhv anladığını isbat eləmək kimi fikrim.

 

Mənə görə Şimali İrlandiya ilə oyunda millimiz bu tsikl ərzində ən yaxşı oyununu sərgilədi. Hətta ikinci hissənin gedişində bir anlıq düşündüm ki, belə davam eləsə, Prosineçki yaxşı komanda qura bilər. Hərçənd, millinin əvvəlki oyunlarında qazanılan 7 xala rəğmən, xorvat mütəxəssisin işindən narazı qalmışdım. Ancaq Şimali İrlandiya ilə oyunda millidən gözlədiyim oyunu görə bildim. Nə idi bu? Ən əsası oyun intizamı. Komandamız sona qədər onu qoruya bildi, xətlərarası rabitə itmədi, hər kəs üzərinə düşəni elədi. Xoş sürpriz topa yiyələnmədəki kifayət qədər böyük üstünlüyümüz oldu. Buna görə futbolçularımızı tərifləyən də oldu, tənqid eləyən də. Tənqidçilər etirazını onunla əsaslandırırlar ki, topa meydanın özümüzə aid hissəsində nəzarət etmişik, yəni, bunu xüsusi qabartmaq lazım deyil. Ok, amma bir qədər izah gətirim. Bir komandanın topa uzun-uzadı yiyələnməsi o deməkdir ki, rəqib top görmür, topsuz oynamaq məcburiyyətindədi. Topsuz oynayan komanda isə (əgər tərzi o deyilsə) özü də hiss eləmədən oyunun nəbzini tuta bilmir. Rəqibin oyunboyu qapımız önündə ciddi təhlükə yarada bilməməsini şərtləndirən amillərdən biri də bu oldu. Çox ağıllı oynadı millimiz. Ramil Şeydayev birinci hissədə qapıçı ilə təkbətək çıxarkən qol vursaydı, ardı da gələcəkdi. Buraxdığımız qola gəlincə, təəssüf ki, futbolun bu üzü də var. Biri oynayır, o birisi vurur.

 

Kİm istəmir qəbul etməsin, amma millimiz Şimali İrlandiyaya qarşı ən yaxşı oyunlarından birini keçirdi. Sadəcə bunu görmək üçün oyuna yenidən baxıb, bir az dərindən təhlil aparmaq lazımdır. Rəşad Sadıqovun başçılıq etdiyi müdafiə xətti inamlı oynadı, Riçard Almeydalı yarımmüdafiə işini gördü, Ramil Şeydayev irəlidə çalışdı. Sadəcə bir epizod verdik rəqibə, o da qol oldu. Rəşad Sadıqovu qınamaq doğrudurmu? Birincisi, Sadıqov əla oyun keçirdi. Müasir futbolda bir stopper üçün vacib olan oyunu oxuma qabiliyyəti, birinci pas, düzgün mövqe seçimi və bütün digər keyfiyyətləri ortaya qoydu kapitan. Qoldakı məqama gəlincə, həmin epizoda bir də, diqqətlə baxın, cinahda boş qalan futbolçu başla topu cərimə meydançasına endirir, Bədavi Hüseynovun başı üzərindən keçən topa Rəşad rəqibdən daha tez istiqamətlənib topu oradan uzaqlaşdırır və rəqibin ayağına gedib düşür top. Futbolda belə hallar olur. Bu o demək deyil ki, Sadıqov oyunu pis keçirib. Həmin gün demək olar ki, hamı yaxşı oynadı. Sonradan daxil olan Namiq Ələsgərov da əla qoşuldu oyuna. Ona qarşı olan kobudluğa niyə göz yumdu hakim? Cərimə zərbəsi verilsəydi, o nöqtədən topun tora daxil olma ehtimalı çox böyük idi... Digərləri ilə müqayisədə Dmitri Nazarov həmişəkindən fərqli bu dəfə nisbətən zəif təsir bağışladı.

 

Robert Prosineçki ilə bağlı duruma aydınlıq gəlməyib. Belə görünür ki, “Bursaspor” onun yaxasından əl çəkmək istəmir. Şimali İrlandiya ilə oyundan əvvəl məndən soruşsaydılar, heç düşünmədən deyərdim ki, getsin. Ancaq indi bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki Şimali İrlandiya ilə oyunda məşqçi işi hiss elədim millinin oyununda.

 

Emin ABBASOV

Xəbər xətti