Yunis Hüseynov: "Millimiz qalan 4 matçdan 4 xal toplaya bilər" MÜSAHİBƏ

10:48 - 14 İyun 2017

Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.

 

- Milli komandamızın Şimali İrlandiya ilə oyunu haqda düşüncələriniz necədir?
- Komandamız o qədər də pis deyildi. Şimali İrlandiya isə çox zəif təsir bağışladı. Bu oyuna baxandan sonra düşündüm ki, onlar öz meydanlarında millimizi necə olub ki, 4 - 0 hesabı ilə məğlub edib? Belfastdakı oyunla Bakıdakı oyun arasında çox böyük fərq var idi. Millimiz topla çox yaxşı oynadı. Qol vəziyyətləri də yarada bildik. Təəssüf ki, futbolçularımız bu imkanlardan istifadə edə biləmdilər. Son dəqiqələrdəki bir səhvə görə məğlub olduq. Amma ümumi götürəndə komandamız yaxşı oynadı.

 

- Milliyə cəlb olunan Riçard Almeyda oyunu ilə digər futbolçulardan seçilirdi?
- Bir oyuna görə nəsə demək olmaz. Hamı demək olar ki, eyni səviyyədə oynadı. Almeyda digər futbolçulardan seçilmirdi. Amma buna baxmayaraq, təcrübəsi hiss olunurdu. Həm də yığmada "Qarabağ"ın futbolçuları çoxluq təşkil edirdi. Buna görə də onlar bir-biriləri ilə daha yaxşı anlaşırdı.

 

- Sizin fikrinizcə millimizdə oyunun zəif bəndi kim idi?
- Kiminsə digərlərindən zəif oynadığını deyə bilmərəm. Çünki, rəqib komanda o qədər də sürətli futbol oynamadı. Bütün futbolçularımız topla yaxşı davranırdılar. Ona görə də heç kəs zəif təsir bağışlamadı. Amma onu da deyim ki, bu oyunda Dmitri Nazarov əvvəlki oyunlarına baxanda öz səviyyəsindən nisbətən zəif görünürdü. Biz onun oyununu görmüşük. Bundan daha yaxşı oynaya bilərdi.

 

- Oyunun ən yaxşısı kimi hesab edirsiz?
- Özünü ən yaxşı tərəfdən göstərən Əfran İsmayılov idi. Meydanın rəqibə aid hissəsində özünü rahat hiss edirdi. Əsas qol imkanları da məhz Əfranda oldu.

 

- Pavel Paşayevin oyunu sizi qane etdi?
- Bayaq qeyd etdiyim kimi, rəqib bizim qapımız qarşısında o qədər də təhlükəli vəziyyətlər yaratmadı. Ona görə də bu oyunda müdafiəçilərimizin işi çox olmadı.

 

- Baş məşqçinin əvəzetmələri gec etdiyini düşünmürsüz?
- Kimi nə vaxt oyuna daxil etmək lazım olduğunu baş məşqçi daha yaxşı bilir. Məşq prosesində o, bütün futbolçuları görür. Kimin hansı formada olduğundan baş məşqçi xəbərdardı. Amma mənim fikrimcə Rahid Əmirquliyevi daha erkən oyuna buraxsaydı, yaxşı olardı. Əfran İsmayılovun əvəzinə yox, mərkəzdə oynayan futbolçulardan birinin yerinə Rahidi oyuna daxil etmək daha düzgün seçim olardı. Əmirquliyev mərkəzdə oynayan futbolçudu. Meydana daxil olduqdan sonra cinahda oynadı, sonra mərkəzə çəkildi. Onun üçün bu mövqedə oynamaq daha rahatdı.

 

- Robert Prosineçkinin adı "Bursaspor"la hallanır. Sizcə, xorvat mütəxəssis millimizdə qalmalıdı, yoxsa getməlidi?
- Mənim fikrimcə, o, seçmə mərhələ başa çatanadək postunda qalmalıdı. İnanmıram ki, Prosineçki "Bursaspor"dan gələn təklifə görə millimizə dırnaqarası yanaşsın. Baş məşqçinin müqaviləsi başa çatmamış Türkiyə klubunun onunla danışıq aparmasını düzgün hesab etmirəm.

 

- Qarşıda millimizin 4 oyunu var. Bu oyunlarda komandamızdan hansı nəticəni gözləyirsiz?
- Mənə elə gəlir ki, qalan 4 matçdan 4 xal toplamaq olar. Qrup mərhələsini 5-ci pillədə başa vuracağımızı düşünürəm.

Xəbər xətti