Aqil Nəbiyev: "Şüvəlan"ın hədəfi Premyer Liqaya qayıtmaqdır" MÜSAHİBƏ

13:28 - 16 İyun 2017

"Şüvəlan"ın yeni baş məşqçisi Aqil Nəbiyev Sportal.az saytına müsahib verib.

 

-    “Şüvəlana” keçidiniz haqda danışardınız...
-    Sözün düzü, gözləmirdim. Çünki komandada qeyri-müəyyənlik var idi. Həm də mən diqqətimi “Zirə”yə cəmləmişdim. Daha sonra isə mənə klubdan təklif gəldi. Mən də fikirləşdikdən sonra bu təklifi qəbul etməli oldum. Artıq işə başlamışıq.

 

-    “Şüvəlan” AZAL-ın xələfi hesab edilir. Bir zamanlar kapitanı olduğunu AZAL-ın Premyer Liqanı tərk etməsi sizə necə təsir etdi?
-    Bu komanda mənə doğmadır. Baxmayaraq ki, futbola futbola “Turan”da başlamışam. Ancaq karyeram AZAL-a daha çox bağlıdır. Komandanın I Diviziona düşməsi tək mənə deyil, bir çox sabiq AZAL-lılara pis təsir etdi. Amma bununla barışmaq lazımdır, reallıqdır. Biz isə çalışmalıyıq ki, komandanı keçmiş günlərinə qaytaraq. İddialı komanda qurmaq niyyətindəyik.

 

-    Əvvəl “Turan Tovuz”da Əsgər Abdullayevin köməkçisi kimi çalışdınız. Daha sonra isə “Zirə”nin U-17 komandasına rəhbərlik etdiniz. Bu komandalarda çalışmağınız sizə “Şüvəlan”da işləməyə nə dərəcədə kömək olacaq?
-    “Turan Tovuz”dan sonra “Zirə”yə gəldim. 17 yaşlılardan ibarət komandanı çalışdırsam da çox şeylər öyrənmişəm. İnanıram ki, bu çətinliyin öhdəsindən gələcəm. Təbii ki, təcrübə baxımından çatışmayan cəhətlər olacaq.

 

-    17 yaşlılardan ibarət komanda ilə I Divizion klubunda fərq var. Burada daha böyük məsuliyyət olacaq. Bir baş məşqçi kimi çətinlikdən qorxmursunuz?
-    Futbolun içindən gələn adamlarıq. Başqa sahədə olmamışıq ki, ancaq futbolla məşğul olmuşuq. Hamımız birlikdə bu çətinliyin öhdəsindən gəlməyə çalışacağıq. Təbii ki, hər işin əvvəlində çətinlik olur.

 

-    Futbolçu kimi AZAL-ın kapitanı, əsas futbolçularından biri olmusunuz. Baş məşqçi kimi komandanın lideri ola biləcəksiniz?
-    Bu işin qulpundan yapışmışıqsa, inanıram ki, bacaracağıq. “Turan Tovuz”da və “Zirə”də çalışdığım dönəmdə də daim öyrənirdim. Çünki futbol hər keçən gün müasirləşir. 

 

-    Əsgər Abdullayevdən nə öyrəndiniz?
-    “Olimpik”də çıxış edərkən mənim baş məşqçim olub. Təcrübəsindən çox yararlanmışamÖzüm də çox çalışırdım. Oxuyurdum, maariflənirdim, daim axtarışdaydım. Futbolçu ilə məşqçidə böyük fərqlər var. Artıq bu işə qədəm qoyanda anlayırsan ki, məşqçilik tamam başqa aləmdir.


-    “Şüvəlan”ın hədəfləri nədir?
-    Rəhbərliklə danışığımız belə oldu ki, gələcəyin komandasını quraq. Gənc və perspektivli futbolçulara daha çox güvənəcəyik. Əlbəttə, Premyer Liqaya da qayıtmaq hədəfimizdir. Yaxşı kollektiv və düzgün seçimlər etsək, hər şeyə nail ola biləcəyik. Seçim edəndə tələsmirəm. Ətrafımda olan insanların xarakteri vacibdir. Xarakteri olmayan insanlarla uğur qazanmaq mümkün deyil. Hədəfimiz Premyer Liqaya geri qayıtmaq və yaxşı komanda qurmaqdır.

 

-    I Divizionda limit məsələsi də var. Bu, sizin planlarınızı pozmur?
-    Biz futbolçularla yenicə maraqlanırıq. Limit isə hələ tam məlum deyil. Fikrimiz gənc futbolçuları heyətimizə cəlb etməkdir. Daha çox 1995, 1996, 1997 və 1998-ci il təvəllüdlü futbolçulara güvənəcəyik.

 

-    Aqil Nəbiyev üçün nə uğur sayılacaq?

-    Düzgün komanda formalaşdırmaq, gələcəyin komandasını yaratmaq. Düzgün iş qurmalıyıq. Amma buna da vaxt lazımdır. İlk məqsədimiz gənc komanda qurmaqdır.


-    Köməkçiləriniz müəyyənləşib?
-    Xeyr, hələ qərar qəbul olunmayıb. Bu işdə tələsmirik. Müəyyən seçimlər var, amma son qərarı verməmişik.

 

-    Belə başa düşmək olar ki, Aqil Nəbiyev AZAL-ın keçmiş əzəmətin qaytarmaq üçün “Şüvəlana”a qayıdıb?
-    Təbii ki, məqsədimiz də budur ki, komandanı Premyer Liqaya qaytaraq. Bacardığımız qədər sağlam komanda formalaşdırmağa çalışacağıq.

Xəbər xətti