"Qəbələ"də kapitan şoku: Toplanışı tərk etdi

19:23 - 20 İyun 2017

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qəbələ” ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubdan apasport.az saytına bilgi verilib.
 
Bildirilib ki, kapitan Cavid Hüseynov sıradan çıxıb. Milli komandamızın yarımmüdafiəçisi klubun Avstriyadakı təlim-məşq toplanışı zamanı xəsarət alıb. Bir müddət komandadan uzaq qalacaq Hüseynov bu gün vətənə dönəcək. Lakin həkimlər 29 yaşlı oyunçunun durumunun ciddi olmadığını bildiriblər. Belə ki, Cavidin sadəcə, 1 həftəlik istirahətə ehtiyacı olduğu bildirilib.
 
O, Avstriyadakı hazırlığın I mərhələsi çərçivəsində iyunun 22-də “Ludoqorets”lə (Bolqarıstan) keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək. Ancaq futbolçu “qırmızı-qaralar”ın Avstriya toplanışının II mərhələsindən etibarən kollektivə qoşulacaq. Bir sözlə, Hüseynov avrokubok matçına qədər zədəsini tam sağaldacaq.
 
Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Təmsilçimizin rəqibi I mərhələdəki “Yagelloniya” (Polşa) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi olacaq. “Qəbələ” avrokubok oyunlarını iyulun 13-də və 20-də keçirəcək.

Xəbər xətti