"İnter"in rəsmisi: “Kiminsə Svanadzenin ayağının altını qazmasına imkan vermərik”

13:27 - 21 İyun 2017

"İnter"in baş məşqçisi vəzifəsində hamının gözü var. Lakin Zaur Svanadzeyə hansısa təzyiqin olmasına və ya kiminsə onun ayağının altını qazmasına heç vaxt imkan vermərik. Ramiz Məmmədovu sırf əvəzedici komanda ilə işləmək üçün dəvət etmişik. "Qəbələ"də, Qazaxıstan və İranda çalışıb, yaxşı təcrübəsi var”.

 

Sportal.az "Report” agentliyinə istinadən xəbər verir ki, bunu Bakının "İnter” klubunun icraçı direktoru Rəmiş Malıyev Ramiz Məmmədovun əvəzedici komandanın koordinatoru vəzifəsinə təyinatına münasibət bildirərkən deyib. O qeyd edib ki, Məmmədovun bu təyinatı əsas komandanın baş məşqçisi vəzifəsində gürcüstanlı Zaur Svanadzenin əvəzlənməsinə hazırlıq məqsədi daşımır.

 

Lakin klub rəsmisi gələcəkdə belə bir təyinatın baş tutma ehtimalını da istisna etməyib: "Baş məşqçimizə inanırıq, ən çətin anlarda klubun yanında olub və öz işini göstəricilərlə ortaya qoyub. Kiminsə gəlib ümumi işimizə xələl gətirməsinə imkan vermərik. Ramiz müəllimin də təcrübəsinə inanırıq. Gəlsin, əvəzedici heyətə məsləhətlərini versin. Bu gün və növbəti mövsüm üçün gündəlikdə belə bir məsələ yoxdur. Avropa Liqasına nəticələr uğursuz olsa belə, Svanadze vəzifəsində qalacaq. Özü istefa versə necə? Gümanlarla danışmayaq. Sabah nəyin necə olacağına heç kim təminat verə bilməz. Bu məsələ ilə bağlı konkret onu deyə bilərəm ki, Məmmədovun təyinatı əsas komandanın baş məşqçisi vəzifəsinə hazırlıq məqsədi daşımır”.

 

Malıyev "İnter”də may ayının əmək haqqının gecikməsinin uğursuz nəticələrə və Z.Svanadzenin istefasına zəmin yaratamaq xarakteri daşımadığını da vurğulayıb: "Maaşların gecikməsinin nəticəyə təsiri ola da bilər, olmaya da. Aprelin maaşları ödənilib, mayınkı qalıb. İşçi qaydada bu məsələləri həll edirik”.

 

Qeyd edək ki, iyunun 20-də Ramiz Məmmədov "İnter”də əvəzedici heyət üzrə koordinator təyin olunub. Onun bu vəzifəyə gətirilməsi 50 yaşlı mütəxəssisin əsas komandanın baş məşqçisi vəzifəsinə Zaur Svanadzeni əvəzləyəcəyinə dair iddialara zəmin yaradıb.

Xəbər xətti