İş adamı: "Futbol çətin sahədir, gəlir əldə etmək üçün çox iş görmək lazımdır"

AFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “istənilən aktual mövzuda fərdi jurnalist araşdırması” kateqoriyası üzrə “Aparıcı futbol ölkələrinin inkişaf strategiyası, klubların fəaliyyət mexanizmi və onlardan bəhrələnməyin üsulları” mövzusunda araşdırmaları davam etdiririk.

 

Avropada klubların gəlir mənbələri arasında stadionlar xüsusi yer tutur. Doğrudur, aparıcı klubların stadionlardan əldə etdiyi gəlirlər arenaya gələn azarkeş ordusu hesabına formalaşır. Amma Avropa klublarının iş metodundan yararlanmaqla bizdə də klublar özlərini maliyyələşdirə bilərlər. Necə? Bunun üçün əvvəlcə ümumi praktikanı təhlil eləyək.

 

2015/16 mövsümündə “Yuventus”un gəlirləri 387,9 milyon avro (xalis gəlir isə 4 milyon) təşkil edib. Bu məbləğin 16 faizi matç günlərinin payına düşüb. Amma bu o demək deyil ki, stadion yalnız matç günləri yaşayır. Arenanın işçiləri həftənin 7 günü iş başında olurlar. İl ərzində burada futbola aid olmayan 130 tədbir keçirilib. Burada böyük tibbi-diaqnostik mərkəz inşa etdirilib. Mərkəzdə hidromassaj vannaları, idman zalları da var. Bu, ilk növbədə klubun futbolçuları üçün nəzərdə tutulub. Amma eyni zamanda kənardan gələnlər də az deyil. Ümumiyyətlə, “Yuventus”un stadionu elə bil kiçik şəhərdi. 64 dükan, 24 kafe, çoxlu restoranlar. Cəmi 28 nəfər ştat işçisi var. Amma oyun günləri əməkdaşların sayı 1500 nəfərə çatır. Matç günləri 55 dayanacaq nəzarətçisi, 50 aşpaz, 250 ofisiant, 180 barmen və digər peşə sahiblərinə ehtiyac olur. Hər oyuna görə klub işçilərə 130 min avro xərcləyir.  

 

 

Məlumat üçün deyək ki, bu arena 150 milyon avroya ərsəyə gəlib. Bu məbləğin 20 milyonu yer üçün ödənilib. Təbii ki, kredit də götürüblər və bu pulu 10-12 ilə qaytarmağı planlaşdırıblar. Əgər “Delle Alpi” 67 min tamaşaçı tutumuna malik idisə, yeni stadion cəmi 41 min azarkeşi qəbul eləyə bilir. Amma bu, səbəbsiz deyil. Əvvəlcədən edilən təhlil nəticəsində qərara gəlinib ki, 41 min ideal rəqəmdi. Komandanın oyunlarının 80 faizində anşlaq olur. Maraqlıdır ki, abunəçi kartına malik olanlar (28 min) dostları, yaxınları, qohumları üçün vacib matçlarda birdəfəlik bilet almaq hüququna malikdirlər və bu hüquqdan demək olar ki, hər dəfə yararlanırlar. Əslində, klub bütün biletləri abunəçilərə sata bilərdi. Ancaq bununla klub qapalı auditoriyaya malik olacaqdı. Amma idarəçilər belə hesab eləyirlər ki, arenanın qapıları Turinə gələn “Yuventus” azarkeşi olan turistlərin üzünə bağlı olmalı deyil. Düzdü, stadiona düşmək elə də asan başa gəlmir, lakin mümkündür. Biletlərin, abonementlərin qiymətləri müxtəlifdir. Misal üçün, cənub tribunasına illik abonementlər cəmi 400 avrodur. VİP yerlərə abonementlərin qiymətləri 3200 avrodan 11700 avroya qədər dəyişir. Hərəsində 160 yer olan iki “Club Legends” zonası var. Orada İtaliya çempionatının matçlarına  biletləri 200-600 avroya almaq olar. ÇL oyunlarında qiymət bir az da qalxır. 2014/15 mövsümündə “Real”la yarımfinal matçında cəmi 19 dəqiqəyə hərəsi 1200 avrodan bütün biletlər satılmışdı.  

 

 

Biznes struktur kimi özünü doğruldan stadionlardan biri də “Alyans Arena”dır. Bundesliqada orta tamaşaçı sayı 40 minin üzərindədirsə, “Bavariya”nın ev oyunlarında 71 minlik arena həmişə dolur. Maraqlıdır ki, “Bavariya”nın matçlarına biletlər Almaniyada ən bahalılardan deyil, haradasa ortalardadır. 35 min bilet abunəçilərə aiddir. Hər oyuna biletlərin 10 faizi rəqib komandanın azarkeşlərinə verilməlidir. Biletlərin bir qismi sponsorlar, partnyorlar üçün nəzərdə tutulub. Misal üçün, “Alyans” üçün 500, “Audi” üçün 200 bilet ayrılır. İmkanlı şəxslərlə bağlı başqa proqramlar həyata keçirilir. Yəni, əgər adi biletlərlə bağlı qiymətlər ortadırsa, VİP yerlər və “sky-box”larla vəziyyət fərqlidir. Burada “Bavariya” Bundesliqanın digər klubları ilə müqayisədə ən baha qiymətlər müəyyənləşdirib. “Alyans Arena”da hərəsi 10-12 nəfərlik olan 106 “sky-box” var. Ən ucuzunun illik qiyməti 250 min, ən bahalısının isə 450 min avrodur. Müştərilər yalnız oyun günləri deyil, istənilən vaxt həmin məkandan istifadə edirlər. “Sky-box”lar ən azı 5 il müddətinə satılır. Təsəvvür edin ki, boş yer yoxdur, hətta xeyli sayda gözləyən var. Bundan başqa 5 min tamaşaçılıq VİP yerlər də var ki, hər oyuna biletin qiyməti 400 avro təşkil edir.

 

 

“Alyans Arena” həm də Avropada ən böyük maşın dayanacağına malik klublardandır. 15 minlik dayanacağın oyun günləri qiyməti bir maşın üçün 10 avro olur. Bu arena yaşayış olmayan yerdə tikildiyi üçün ətrafda demək olar ki, rəqabət aparılası restoran, kafe yoxdur. Yəni buraya gələn adamlar qəlyanaltı etmək üçün yalnız arenanın imkanlarından istifadə etməlidir. Ona görə də, “Santyaqo Bernabeu”da orta hesabla ziyarətçi 1 avro xərcləyirsə, “Alyans Arena”da 9 avro xərcləyir.

 

Azərbaycanda Bakı Olimpiya Stadionu bu baxımdan digərlərindən daha fəal görünür. Arenanın nəzdində kiçik futbol meydançaları pullu xidmət göstərir. Bundan başqa fitnes zal da istifadəyə verilib. BOS bir neçə şirkətə icarəyə ofis də verib ki, onların arasında “CBC Sport” telekanalı fəaliyyət göstərir. Arena rəhbərliyi hətta toy şənliklərinin keçirilməsində də maraqlı idi. Ancaq buna mentalitet yol vermədi. İstənilən halda, arena rəhbərliyi müstəqil pul qazanmaq üçün müxtəlif vasitələrə əl atır. Misal üçün, BOS-da tanınmış müğənnilərin iştirakı ilə yeni il şənliyi də təşkil olunmuşdu.

 

İş adamı, “Stars United” Uşaq Futbol Klubunun sahibi olan Nəsimi Zeynalov da hesab eləyir ki, Azərbaycanda stadiondan gəlir əldə etməklə klubu maliyyələşdirmək olar. Ancaq bu asan proses deyil:

 

“Biznesin müxtəlif sahələrində iş görsəm də, artıq futbolda da bu işlərin necə qurulması ilə bağlı təcrübə əldə etməyə çalışıram. Mən o fikirdəyəm ki, klublar dövlətdən maliyyələşməməlidir. Çünki belədə inkişaf olmayacaq, uzunmüddətli nəyəsə gətirib çıxarmayacaq. Futbolda da biznes institutu yaranmalıdır. İlkin kapitalın dövlətdən gəlməsi mümkündür, amma sonrakı kapitalı qazanmaq lazımdır. Yaxşı olardı ki, Bakı Olimpiya Stadionunun üzü yola baxan ərazisində müxtəlif brend dükanlar, “outlet” mağazalar fəaliyyət göstərsin. Uşaq Əyləncə Mərkəzinin tikilməsi məqsədə uyğun olardı. Həmin ərazidə yaşayan insanlara xidmət edərdi və əlavə qazanc olardı arena üçün. Bundan başqa ofislərin, hostel tipli otellərin olması da mümkündür. Stadionlarda kiçik istehsal sahələri ilə məşğul olan şirkətlərə də icarəyə yer vermək olar. Mənə elə gəlir ki, klublarda bu işlərlə mütəxəssislər məşğul olmalıdı. Klubun malik olduğu infrastrukturdan əlavə gəlir üçün istifadənin yollarını peşəkar marketoloqlar müəyyənləşdirməlidirlər. Yəni, futbol adamları yox, biznes düşüncəli insanlar olmalıdırlar. Onlar təklif eləməlidirlər ki, filan işə pul yatıraq və gəlir əldə eləyək. Belədə maddi uğurların arxasınca idman uğurları da gələcək. Çox önəmli məsələlərdən biri kreditləşmədir. Burada kreditləşmə kommersiya krediti kimi olmamalıdır. Sahibkarlığa dəstək yanaşması olmalıdır. Futbol çətin sahədir, gəlir əldə etmək üçün çox iş görmək lazımdır. Layihə təqdim edildikdən sonra şərt qoysalar ki, yalnız girov olduğu halda maliyyə ayrıla billər, o zaman heç nə alınmayacaq. Sadəcə olaraq, həmin iş dövlət nəzarəti altına alınmalı və çox cüzi faizlə pul ayrılmalıdır. Araşdırsaq, çox iş görmək olar. Dövlət yardım eləsə, bu sahədə işlər daha da sürətlənəcək”.   

 

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.

Tarix: 22 İyun [17:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio