Ayxan Abbasov: "Gücümüz çatan qədər irəliləməyə çalışacağıq" MÜSAHİBƏ

00:27 - 29 İyun 2017

“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, yaxşı oynayaq və cavab oyunu üçün yaxşı nəticə əldə edək”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Ayxan Abbasova məxsusdur. Ölkəmizi Avropa Liqasında təmsil edən “Zirə” I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Lüksemburqun “Differdanj” klubunu qəbul edəcək.

 

Oyundan bir gün öncə keçirilən mətbuat konfrasında “qartallar”ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib. O, matçda ciddi hazırlaşdıqlarını deyib: “Futbol üçün darıxmışdıq. Sevindirici haldır ki, mövsümə biz start veririk. Həm özümüzə, həm də digər komandalara uğurlar arzu edirəm”.

 

- Rəşad Sadiqov zədəli idi. Onun durumu necədir?

- Çalışdıq ki, ötən ilki heyətin əsas üzvlərini qoruya bilək. Gedənlərin yerini daha yaxşı futbolçularla qorumağa çalışdıq. Şükürlər olsun ki, yaxşı futbolçularla güclənə bilmişik. Komandada ümumi durum yaxşıdır. Rəşadın da vəziyyəti yaxşıdır, sabahkı oyunda komanda ilə birgə olacaq.

 

- Mətbuata müsahibələrinizdən hiss olunur ki, rəqibdən çəkinirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Yox, bu qorxmaq deyil. Sadəcə, rəqibə real baxmaq lazımdır. Rəqibin bizə nisbətən avrokubok təcrübəsi var. Bu baxımdan bizə problem olacağını düşünürəm. Rəqibə gəlincə, komandanın oyunlarını izləmişik. Necə oynayacağımızı bilirik. Çalışacağıq ki, debüt ilimizdə ölkəmizi uğurla təmsil edək.  

 

- Komandaya psixoloji cəhətdən nəyi aşılayırsınız?

- Həm mətbuat, həm futbol adamları bizim favorit olduğumuzu deyir. Bu, futbolçulara psixoloji təsir göstərə bilər. İstəyimiz qələbə qazanmaqdı. Çalışırıq ki, futbolçularımız nə arxayın olsunlar, nə də oyuna çox motivasiyalı. Çünki oyuna daha çox motivasiya olmaq bizə çətinlik yaradar. Çalışacağıq ki, orta mövqedə olaq.

 

- Oyuna hansı start heyətlə çıxacağınızı açıqlaya bilərsiniz?

- Çalışdıq ki, komandada rəqabəti artıraq. İndidən heyəti desəm, futbolçulara təsir edə bilər. Demək olar ki, heyəti müəyyənləşdirmişəm, amma açıqlama verməyəcəm. Nəsə problem olmasa, düşündüyüm heyəti meydana buraxacağam.

 

- Bəs oyun üslubunuzu açıqlaya bilərsinizmi?

- 5 müdafiəçi ilə oynamaq o demək deyil ki, hücum etmirsən. Məsələn, “Çelsi” bu taktika ilə yaxşı çıxış edir. Bu, tamam fərqli sistemdi. Bu mövsüm iki sistemlə oynamağa çalışacağıq. Sabah 4-5-1 sistemi ilə meydana çıxacağıq. Amma qarşıdakı oyunlarda rəibə görə sistemimizi dəyişə bilərik.

 

- Məşqçi kimi debüt ilinizdə hansı nəticəyə ümid edirsiniz?

- Çalışacağıq bacardığımız qədər irəliləyək. Böyük fikirlər demək doğru olmaz. Transferlər olsa da, biz yeniyik və buna uyğun addım atmalıyıq. Avropada oynamaq bizim üçün böyük təcrübədi. Bir çox oyunçumuz ilk dəfə bu turnirdə çıxış edəcək. Hardansa başlamaq lazımdı. Amma bu o demək deyil ki, çəkinərək oynayacağıq. Gücümüz çatan qədər irəliləməyə çalışacağıq.

 

- Hansı xəttə oyunçular alınmasını istərdiniz?

- İstədiyimiz mövqelərə transferlər etmişik. Hər mövqe üçün 2 oyunçumuz var. Təkcə avrokuboklara deyil, çempionata da hazırlaşırıq. Bu da uzun marafondu. Bəzi oyunçuları qışda da gətirmək istəyirdik. Ancaq həmin vaxt müqavilələri var idi. Onları indi aldıq. Hücum xəttini gücləndirməyə çalışacağıq. Bir nəfər də yerli oyunçu almaq istəyirik.

 

- İlk oyunu evdə keçirməyiniz sizi narahat etmir?

- İlk görüşü səfərdə keçirmək daha yaxşıdı. Amma bizim üçün indi evdə oynamaq daha rahatdı. Qorxaraq, ehtiyatlanaraq oynamayacağıq.

 

- Belə fikir formalaşıb ki, 8 komandalı çempionat rəqabətsizlik yaradır və inkişafa mane olur. Siz bu barədə nə düşünürsüz?

- Biz də istərdik ki, 10 komanda olsun. Amma rəqabət baxımından razı deyiləm. Düzdü, çempionluq iki komanda arasında oldu. Amma 4-cü yer uğrunda mübarizə son tura qədər davam etdi. 20 komanda olsa belə, o demək deyil ki, çempionluğa 4 komanda oynayacaq. Reallıq budu ki, hazırda 2 komanda çempionluq uğrunda yarışa bilər. İslam Həmrəyliyi Oyunlarına görə, çempionat tez başa çatdı. Bunu da toplanışda aradan qaldırmağa çalışdıq.

 

- Mətbuatda “Differdanj”ın 4 futbolçusunun başqa işdə çalışdığı barədə məlumat yayılmışdı. Hətta onların Bakıya gəlməsiylə bağlı da iş yerlərində bəzi problemlər olmuşdu. Bununla bağlı komanda ilə danışmısız? Bu oyunçularada özünə əminlik yaratmayacaq ki?

- Bilmirəm, bu məlumat hardan çıxıb. Komandanın ötən ilki heyətindən başqa bütün futbolçuları Bakıya gəlib. O ki qaldı komandanın üzvlərinin başqa yerdə çalışmasına buna fikir bildirmək istəmirəm. Elə təkcə, bizim əvvəllər Lixtenşteyn, San Marino kimi ölkələrin komandalarıyla oyunlarda necə çətinlik çəkdiyimizi hamı bilir. Fikrimcə, rəqib tam peşəkar komandadı.

Xəbər xətti