Nizami Hacıyev: "Vurduğum qolu Zəhra balamıza həsr edirəm"

01:13 - 7 İyul 2017

“Bütün problemlərə dözürük və meydanda öz oyunumuzu oynayırıq. Vallah, bu futbolçulara heykəl qoymaq lazımdı”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Bakının “İnter” klubunun kapitanı Nizami Hacıyevə məxsusdur.

 

Paytaxt təmsilçisi Avropa Liqaının I təsnifat mərhələsinin cavab oyunları çərçivəində öz meydanında Serbiyanın “Mladost” klubunu qəbul edib və qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

 

Oyundan sonra jurnalistlərə açıqlama verən Hacıyev komandadakı çətinliklərdən danışıb: “Ola bilər ki, bazadan çıxmaq futbolçulara bir qədər təsir etsin. Əlbəttə, öyrəşmişik. Uzun müddətdi “İnter”in şərəfini qoruyuruq və meydanımızdan köçmək bizə çətin gəlir. Fiziki baxımdan hansısa çətinlik olduğunu düşünmürəm. Amma psixoloji baxımdan bizə bir qədər çətinlik yaradacaq”.

 

Hacıyevin fikrincə, “İnter” başqa heyətlə bu çətinliyə dözə bilməzdi: “Hələ ki, dözürük. Futbolçularımız hər şeyi göz önünə alıblar. Əgər başqa futbolçular olsaydı, “İnter” çökərdi. Yenə deyirəm, bu heyətə heykəl qoymaq lazımdır. Bizim bu günkü oyuna qədər nələrdən keçdiyimizi özümüz, bir də allah bilir”.  

 

Təcrübəli futbolçu vurduğu qolu Füzuli rayonunda ermənilərin hücumu nəticəsində öldürülən 18 aylıq Zəhraya həsr etdiyini vurğulayıb: “İlk oyunda rəqibdən qorxurduq. Amma bu gün yaxşı oynadıq, əla qollar vurduq. Vurduğum qola gəlincə, bu gün dostlarım mənə dəstək verirdilər və vuracağım qolu onlara həsr edəcəyimi demişdim. Yəqin ki, onlar məni başa düşərlər. Qolu Füzuli rayonunda ermənilərin hücumu nəticəsində öldürülən Zəhra balamıza həsr edirəm. Oyundan öncə dəfələrlə o uşağın şəkilinə baxıb, pis olmuşam. Allah Zəhra balamızın ruhunu şad etsin. Ümid edirəm ki, tökülən qanlar yerdə qalmayacaq”. 

Xəbər xətti