Qara Qarayev: "Hər qol vurduqda rəqib həvəsdən düşdü"

01:11 - 12 İyul 2017

“Oyuna yaxşı hazırlaşmışdıq.Yaxşı nəticə qazanmağa çalışırdıq. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə edə bildik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib. Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında Gürcüstanın “Samtredia” klubunu 5:0 hesabı ilə darmadağın edib. Oyundan sonra jurnalistlərə açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib. 

 

Onun fikrincə, ilk oyunda böyükhesablı qələbə qazansalar da, arxayınlaşmamalıdırlar: “Bizi səfərdə çətin oyun gözləyir. Rəqib daha aqressiyalı və sərt oynayacaq. Düşünürəm ki, ikinci oyun bizim üçün daha ağır olacaq”. 

 

Millimizin futbolçusu oyunun gedişində “Samtredia” futbolçularının həvəsdən düşdüyünü deyib: “Yəqin ki, bizi yaxşı analiz etmişdilər. Düşünürəm ki, qollar bizim oyunumuzu daha da yaxşılaşdırdı. Bizdə də çatışmazlıqlar var. Hər qol vurduqda rəqib həvəsdən düşdü, biz daha da həvəsləndik. Bu da bizim daha səviyyəli oynamağımıza və yaxşı nəticə əldə etməyimizə gətirib çıxardı”.

 

Qara komandanın yeni transferləri haqda söz açıb: “Onlar komandamıza uyğunlaşıblar. İnşallah, növbəti oyunlarda daha yaxşı formada olacaqlar. Yeni transferlərimiz gəldikləri klublarda, oynadığı çempionatlarda öz sözlərini deməyi bacarıblar. Ümid edirik ki, uğurlu karyeralarını “Qarabağ”da da davam etdirəcəklər”. 

 

Yarımmüdafiəçi komandasının optimal formada olmadığını söyləyib: “Sözsüz, oyun planımızda axsamalar var. Bu da komandadakı itkilərlə bağlıdır. Riçardın və Kintananın zədəli olması problemlər yaradır. Yoldaşlıq oyunlarındakı nəticələr haqda danışmaq istəmirəm. Çünki biz əksər vaxtlarda yoldaşlıq oyunlarında uğursuz nəticələr əldə etmişik və uğursuzluqdan sonra oynamağa başlamışıq”.

Xəbər xətti