Mirhüseyn Seyidov: "Sanki o epizodda mənə "ora get" deyən oldu" MÜSAHİBƏ

23:29 - 12 İyul 2017

“İnter” Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk oyununda 1:0 hesabı ilə qalib gəldi. Oyundan sonra matçda yeganə qolun müəllifi olan Mirhüseyn Seyidov jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Lüksemburq klubuna qarşı çətinlik çədik. Çətin olacağını gözləyirdik. Amma bu qədər düşünmürdük.  
 
- Zərbə anını necə şərh edə bilərsən?
- Elə bil kimsə mənə ora “get” dedi. Top da mənim üzərimə gəlirdi. Öz növbəmdə üzərimə düşəni etdim. 
 
- Avrokuboklarda “Neftçi”nin heyətində “Koper”ə də gözəl qol vurmuşdun. Sloveniya klubuna vurduğun qolla bu qolu müqayisə edəndə hansının daha baxımlı olduğunu söyləyə bilərsən?
 
- Demək olar ki, oxşar idilər. Həmin oyunda “Koper”ə uduzmuşduq. Əsas odur ki, bu qolum komanda üçün kömək olsun.
 
- Bu qol sənə əsas heyətdə yerini möhkəmləndirmək üçün kömək olacaq?
- Məşqçi də çox istəyir ki, oynayım. Hər şeyi məşqçinin üzərinə atmaq düz deyil. “Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Buradayamsa, daha yaxşı oynamalıyam. Çalışıram ki, formamı bərpa edim.
 
- Səfər oyunu haqda necə düşünürsən?
- Lüksemburq təmsilçisi olsa belə rəqibə yuxarıdan baxmaq olmaz. Bu, bizə dərs oldu. Daha diqqətli olacağıq.
 
- Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?
- Açığı, Serbiya futbolu Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola"nı da asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik. 
 
 
- Fiziki cəhətdən hiss olunur ki, tam hazır deyilsən...
- Öz səhvlərimi bilirəm, düzəltməyə çalışacam.
 
- "Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?
- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür və qarşıda avrokubok matçları da var. Formaya düşmək üçün çalışacam. 
 
- Hər dəfə nə iləsə gündəmə gəlirsən. Ötən ev oyununda topla xanım aparıcını vurdun, bu dəfə isə qol. 3-cü dəfə nə ilə gündəmi zəbt edəcəksən?
- Həmin epizoddan sonra deyirdilər ki, futbolçular qapıya vura bilmirlər... Amma qapını da dəqiq nişan ala bildik. Xanım şərhçimizin üzünə top vurandan sonra ayağım açıldı və uğurlu oldu.

Xəbər xətti