"Astra"nın baş məşqçisi: "Hücum etməyi yaddan çıxarmayacağıq"

01:04 - 20 İyul 2017

“Bütün fikrimizi cavab oyununa yönəltmişik. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Astra”nın baş məşqçisi Edvard Yordanesku deyib. Rumıniya klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Zirə” ilə qarşılaşacaq. Sabah baş tutacaq oyundan öncə mətbuat konfransı keçirən çalışdırıcı fikirlərini bildirib: “İlk oyunda qələbə qazansaq da, hələ heç nə başa çatmayıb. Ona görə də özümüzü növbəti mərhələdə hiss etmirik. İlk oyunda bir qədər də yaxşı oynasaydıq, nəticə fərqli ola bilərdi. Yenə deyirəm, ilk oyundakı nəticə heç nəyi dəyişmir. Futbolda sürprizlər hər zaman olur və “Zirə” geridönüş edə bilər. “Zirə”nin “Differdanj”a qarşı oyununu öyrənmişəm və belə bir nəticəyə gəlmişəm ki, komandanız öz meydanında yaxşı oynayır. Ümid edirik ki, sabahkı oyunda yaxşı nəticə qazanacağıq”.

 

- Komandanızda son durum necədir?

- Biz yeni komanda qururuq. Yayda sıralarımızı 16 futbolçu tərk edib, çoxlu gənc oyunçularımız var. Bəzi futbolçular birbaşa komandaya qoşulublar və uyğunlaşma baxımından problemləri mövcuddur. Komandamız hələlik tam oturuşmayıb. Mənfi cəhətlərdən biri də odur ki, futbolçuların fiziki durumu istədiyimiz səviyyədə deyil. Bütün bunlara baxmayaraq, fikrimizi sabahkı oyuna yönəltmişik.  

 

- Sabah müdafiə futbolu oynayacaqsınız?

- Bunu sabah görəcəksiniz. Biz komanda olaraq hücumameyilli oyuna üstünlük veririk. Məncə, darıxdırıcı oyun oynamaqdansa, bu, daha yaxşı yoldur. Ümumiyyətlə, komandanı hücum futboluna alışdırmağa çalışıram. Əlbəttə, müdafiə də olunacağıq. Amma hücum etməyi də yaddan çıxarmayacağıq.

 

- “Zirə”nin futbolçularından kimi fərqləndirə bilərsiniz? Sizcə, “Zirə”nin heyətində oyunun taleyini həll edə biləcək futbolçu kimdir?

- Hər zaman komandama rəqibin zəif və güclü tərəflərini bildirməyə çalışmışam. Düşünürəm ki, bu oyun üçün də bunun öhdəsindən gəlmişəm. “Zirə”ni yaxşı tanıyırıq və sabahkı oyuna hazırıq. Meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Məncə, Belfor, Riçard Qadze, David Manqa oyunun taleyini həll edə bilərlər. (Futbol11.az)

Xəbər xətti