Riçard Qadze: "Bu nəticə bizə çempionat üçün motivasiya verdi" MÜSAHİBƏ

23:56 - 20 İyul 2017

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin hücumçusu Riçard Qadze qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:
 
- Sona qədər mübarizə apardıq. Qalib gələ bilərdik. Amma sonda heç-heçə qeydə alındı. Amma bu nəticə bizə çempionat üçün motivasiya verdi.
 
- Oyunda ən xarakterli oyunçu kimi sən görünürdün. Düşünmürsən ki, digər futbolçular da səni kimi olsaydı, qalib gəlmək olardı?
- Biz bir komandayıq. Komanda daxilində fərqli keyfiyyətlərə sahib futbolçular var. Amma mən kimisə nə günahlandıra, nə də ittiham edə bilərəm. Qalib gələndə də, uduzanda da birgə olmalıyıq. Biz bir komandayıq!
 
- “Zirə”də bu gün nə çatmadı?
- Fikrimcə, uğur bizdən uzaq idi. Biz yaxşı mübarizə apardıq.
 
- Oyunun ilk dəqiqələrində vura bilmədiyin qol şansını yəqin ki, bir müddət unutmayacaqsan...
- Top işlək olmayan sol ayağıma düşmüşdü. Mən də məcbur qalıb həmin vəziyyətdə zərbə endirdim.
 
- Həmin epizodda sol ayağını günahlandırmadın?
- Axı mən necə edə bilərəm. Bu, futboldur (gülür).
 
- “Astra”nın vaxtı uzatması sizə necə təsir edirdi?
- Futboldur, təzyiq altında olan rəqibin başqa yolu yox idi. Belə şeylərə hörmətlə yanaşıram. 
 
- Hakimlərin qərarları qərəzli deyildi?
- Hakimlərin bəzi səhvləri oldu. Amma çox epizodlarımız oldu ki, faydalana bilmədik.

Xəbər xətti