Ayxan Abbasov: "Bizim hakimlərə şükür etməliyik" MÜSAHİBƏ

"Belə oyundan sonra danışmaq çətindi. Bilirdik ki, matç çətin keçəcək. Onların üstünlüyü vardı".

 

Sportal.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Ayxan Abbasova məxsusdur.

 

Qəsəbə təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Rumıniya “Astra”sı ilə heç-heçə edib (0:0) və iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib: "Bizə qol lazım idi. Yaxşı imkanlarımız olsa da, yararlana bilmədik. Turnir bizim üçün bitdi. Düşünürəm ki, futbolçularım əzmkarlıq göstərdi. Bu turnir bizim üçün əlavə təcrübə idi. Bundan sonra da inkişaf edəcəyik. Bu oyunu unudub çempionata hazırlaşmalıyıq. Çünki çox çətin keçəcəyini bilirəm".

 

- Hakim idarəçiliyindən razı qaldınız?

- Hakimlər barədə danışmaq istəmirəm. Özünüz də yaxşı gördünüz ki, rəqib tempi salırdı, qapıçıları oyuna gec başlayırdı. Ümumi demək istəyirəm ki, bizim hakimlərə şükür etməliyik. Düzdü, hakim ciddi səhv etmədi, biz erkən qol vurmalı idik. İnanmıram ki, hakim bizə qarşı qərəzli olsun.

 

- Komandanız cinahlardan zəif təsir bağışlayırdı. Bu, nə ilə bağlı idi?

- Sizinlə razı deyiləm. Oyunumuzu cinahlardan qurmuşduq və düşünürəm ki, oyunumuz yaxşı alındı. Məncə, cinah ötürmələri yaxşı alındı, amma son nöqtəni qoya bilmədik. Ümid edirəm ki, çempionata qədər hazır vəziyyətdə olacağıq. 

 

- İlk hissə ilə müqayisədə ikinci hissədə aşağı tempdə oynamağınız nə ilə bağlı idi?

- Bu, normaldı. Bilirdik ki, ikinci hissədə eyni tempi davam etdirə bilməyəcəyiik. Rəqib də müdafiədə oturmuşdu. Ona görə istəyirdik ki, erkən qol vuraq, rəqib müdafiədə oturmasın. Ancaq bu alınmadığından, fasilədən sonra işimiz daha çətin oldu. Hava da istidi, futbolçular yorulur.

Tarix: 21 İyul [00:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Noyabr 2017
22  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio