"Qəbələ"nin legioneri: "Bir qol vursaq, oyunu öz əlimizə ala bilərik"

10:49 - 27 İyul 2017

"Panatinaikos"un böyük və tarixi klub olduğunu bilirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Xavyer Ernandes deyib. Əyalət təmsilçimiz Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Yunanıstanın "Panatinaikos" klubunun qonağı olacaq. Oyundan öncə Yunanıstan mətbuatına açıqlama verən futbolçu fikirlərini bildirib. 

 

İspaniyalı oyunçu matça ciddi hazırlaşıdıqlarını deyib: "Bütün matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışıq. Mən hesab edirəm ki, bir qol vursaq, oyunu öz əlimizə ala bilərik. Bundan başqa, "Yagelloniya" ilə səfər oyununda ortaya qoyduğumuz işi bu matçda da göstərsək, rəqibə çətin anlar yaşadacağıq".

 

Yarımmüdafiəçi komandada ab-havanın yaxşı olduğunu söyləyib: "Komandada son durum yaxşıdı. Mərhələ adlamışıq və motivasiyamız yerindədir. Bununla yanaşı, futbolçularımız peşəkardırlar və məsuliyyəti dərk edirlər. Ümid edirik ki, yaxşı nəticə qazanmağa nail olacağıq".

Xəbər xətti