"Elə valideyn var ki, uşağını buraxmır, deyir ki..." LAYİHƏ

18:26 - 27 İyul 2017

I HİSSƏ

 

Futbolun inkişafı deyəndə, ilk növbədə ağıla uşaq futbolu gəlir. Məlum məsələdi, futbolu daha yüksək səviyyəyə çatdırmaq üçün öncə aşağıdan başlamaq lazımdı. Əks təqdirdə uğurlu tarix yazmaq çətin məsələdi. Ümumiyyətlə, belə bir məqsədi olmayan klubun heç tarixi də olmur deyə bilərik. Yəni, uzunömürlü olmur. Odur ki, hər hansı klub yaradılanda öncə uşaq futbolundan başlamağı düşünmək lazımdı.Təəssüf ki, Azərbaycanda yeni yaradılan və xüsusən də birinci dəstəyə qoşulan klubların rəhbərlərinin əksəriyyəti fərqli düşünür. “Öncə nəticə olsun, Premyer-Liqada oynayaq, uşaq futbolunu sonra da düşünərik” kimi fikirlərin nə qədər doğru və ya yanlış olduğunu zaman göstərir. Düzdü, bəlkə bu da mümkündü, çünki hər şey maliyyə ilə əlaqədardı. Amma rəhbərlik üçün klubun uzunömürlü, köklü, təmsil etdiyi bölgədə ənənəsi olması şərtdisə, uşaq futbolundan başlamaq daha vacibdi. Eybi yox, bir müddət nəticə qazanma, lap Həvəskarlar Liqasında çıxış et, amma strategiyanı düzgün seç. Çüngü strategiyası düzgün seçilmiş klubun nəticəsi mütləq gələcək. “Gec olsun, güc olsun” məsəli. Əslində, Azərbaycanda bu strategiyaya üstünlük verən klublarımız da var...

 

Premyer-Liqadan imtina edən klub

 

Uşaq futbolundakı problemlərlə bağlı layihəmizə “Ağsu” ilə start verməyi düşündük. Əvvəlcə klubun qısa tarixçəsi ilə yaxından tanış olmağa dəyər. Ağsu şəhərini təmsil edən eyniadlı klub 2012-ci ildə yaradılıb. Bir müddət Həvəskarlar Liqasında çıxış etsə də, qeyri-sabit olduğundan tezliklə dağıdılıb. Ancaq sonradan yenidən məqsədli şəkildə və tam heyətlə yaradılaraq 2012/2013 mövsümündə birinci diviziona qoşuldu. Debüt etdiyi ilk mövsümdəcə ölkə çempionu adına yiyələndi, lakin “Ağsu” Premyer-Liqada oynamaqdan imtina etdi. Bunun da səbəblərini anlamaq çətin deyil. Əvvəla güclülər dəstəsində oynamaq üçün klubun lazımi infrastrukturu yoxdu. İkincisi və əsas amil də uşaq futbolunun olmamasıdı. Yəni yarandığı gündən bəri, iddialılar sırasında və elitada oynamaq şansı olsa da, uşaq futbolundakı problemlər “Ağsu”nun yolunu kəsir. Buna baxmayaraq, bölgə təmsilçisinin rəhbərliyi yuxarıda qeyd etdiyimiz strategiyaya üstünlük verir. Yəni öncə uşaq futbolu, daha sonra Premyer-Liqa, nəticə və sair. Əslində düzgün yoldu. Klub öz yetirmələrindən, aşağı yaş qruplarından bəhrələnməli, onların satışından pul qazanmalıdı. Necə ki, dünyanın top-klubları bu praktikadan istifadə edir. Azərbaycanda isə belə hala çox az rast gəlinir. Bu da uşaq futbolundakı problemlərdən irəli gəlir. Bununla yanaşı uşaqlar psixoloji cəhətdən də hazırlanmalıdı. Niyə? Çünki bizimkilər xarici klublarda özünə yer tapa bilmir. Hətta, bəzən aşkar şəkildə darıxdıqlarını bildirirlər. Futbolçu da uşaq yaşlarından məhz buna öyrədilməlidi. Yəni bir qədər mentalitet dəyişikliyinə gedilməlidi. Təbii ki, belə dərslər futbol akademiyasında keçirilməlidi. Amma Ağsuda hələ akademiya olmadığından bunlar mümkün deyil. Söhbət aşağı yaş qruplarında, uşaq futbolunda cərəyan edən problemlərdən gedirsə, Azərbaycanın demək olar hər klubunda problemlər var, o cümlədən “Ağsu”da. Onların nədən ibarət olduğunu isə az sonra öyrənəcəksiz.

 

“Gəl uşağın məşqlərinə bax, gör yaxşı olduğu halda oynatmıramsa, o sözü de”

 

Təbii ki, mövzunu praktiki cəhətdən də davam etdirəcəyik. Yəni klubun neçə yaş qrupundan ibarət komandası, hansı nailiyyətləri olduğunu, o cümlədən aşağı yaş qrupundakı problemləri araşdırmaq və səbəbini ətraflı şəkildə öyrənmək üçün mütləq klub rəhbərliyindən də fikrini öyrənmək lazım idi. “Ağsu”nun icraçı direktoru Rəşad Kərimovla danışdıq.

 

 

Klubun nəzdində olan komandalar: “Bir qədər əvvəldən başlayaq. İdman olmayan yerdə uşaqları bu sahəyə cəlb etmək çətindi. Uzun müddət tələb edir. Şükür Allaha ki, yavaş-yavaş buna nail olmuşuq. 4 ildi uşaq futbolu ilə məşğuluq. 4 yaş qrupundan ibarət komandamız var. Hər il artırırıq. Hazırda 11, 13, 14 və 17 yaşlı uşaqlardan ibarət komandalarımız var. 2 ildən sonra 17 yaşlıların bəzi üzvləri “Ağsu”nun əsas komandasına cəlb olunacaqlar. Keçən il 16 yaşlılardan ibarət komandadan artıq 3 nəfər cəlb etmişik, sifariş siyahısında da adları yazılıb. Hətta, onlardan Fərid Həsənzadə millinin yoxlanışına da dəvət alıb. Böyük uşaqlardan hələ ki, milliyə bir futbolçumuz dəvət alıb. Azyaşlılardan isə milliyə çağrılan olmasa da aralarında perspektiv vəd edənləri var. Məsələn, Orxan adlı futbolçumuzu “Qəbələ” istəyirdi. İsrarla arxasınca düşmüşdü. Amma razılaşmadıq, çünki öz yetirməmizdi və ehtiyacımız var. Əfqan adlı futbolçumuz var, 14 yaşlılarda oynayır. O, Respublika çempionatının bombardirləri sırasında yer almışdı. Hətta, Rövnəq müəllimin Avropa çempionatının finalına baxmaq üçün Fransaya apardığı uşaqlar arasında da oldu. Öz yaş qrupunda səhv etmirəmsə, 60 qol vurmuşdu. İkinci yerdə gedən futbolçu heç onun yarısı qədər qol vurmamışdı. İstedadlı uşaqlarımız çoxdu. Başqa klublardan maraqlananlar, istəyənlər var. Amma vermirik, çünki özümüz də klub olmaq istəyirik. Mən də istəyərəm ki, “Ağsu”nun yetirməsi olan hər kəs daha yaxşı yerlərdə oynasın. Milliyə çağrılan hər futbolçunu canla-başla yoxlanışa göndəririk. Klub yaradılanda qarşımıza şərt qoymuşdular ki, milliyə futbolçu verək. Hazırda ən böyük istəyimiz də budu. Digər yaş qruplarından isə hələ ki, heç kimi yığmanın toplanışına çağırmayıblar. Yerli uşaqlardan qurulan komandalardan biri də bizik. Kənardan gələnlər yoxdu. Sırf ağsulu uşaqlardan qurulub. Heç yaxın rayonlardan da uşaq dəvət etməmişik. Başqalarından fərqli kənardan gələn uşağı burda saxlamağa şəraitimiz yoxdu”.

 

 

Nailiyyətlər: “Komandalarımızdan biri,11 yaşlılar keçən il 1/4 finala qədər irəlilədi. Ümumiyyətlə öz zonamızda keçirilən oyunlarda komandalarımız 100-dən çox qol vurur. Əvəzində çox az, 3-5 qol buraxırıq. Ağsu zonasından sonra İmişlinin qalibi ilə oynayırıq, o mərhələni də keçirik. Yəni elə komandamız var 2, eləsi də var ki, 1 mərhələ keçə bilir. “Qəbələ”, “Qarabağ”, “Mançester Yunayted” kimi rəqiblərlə oynayırlar. “Mançester Yunayted” sanki Azərbaycan yığmasıdı. Çox yaxşı yığıblar. Hətta bizim uşaqlardan birini, Əfqanı da heyətlərində görmək istəyirdilər. Amma buraxmırıq. Bilirsiz necədi, təsəvvür edin 10 futbolçu üzə çıxarırıq. Onların da hərəsini bir kluba göndərsək, “Ağsu”da futbolçu qalmır axı. Çempionatda iştirak edə bilmirik və zəif oluruq. Düzdü, “Mançester Yunayted” səviyyəlidi. Amma görürsən ki, valideynin imkanı olmur onunla getməyə. Elə valideyn var ki, uşağını buraxmır deyir ki, “Ağsuda, gözümün qabağında oynasın”. Başa sala bilmirik, çünki hərə bir şey fikirləşir. Qısası, uşaq qruplarında ən böyük nailiyyətimiz 1/4 final mərhələsi olub”.

 

Şərait: “Klubdan avtobus ayrılır uşaqları daşımaq üçün. Diqqətimiz üzərlərindədi. Düzdü, mən klubun icraçı direktoruyam. Buna baxmayaraq, uşaq futbolu ilə çox yaxından maraqlanıram. Məşqlərə gedib-gəlirəm. Problemlərin olub-olmadığını soruşuram. Gücüm çatdığı qədər köməklik göstərməyə çalışıram”.

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Xəbər xətti