Roman Qriqorçuk: "Məzələnmək fikriniz varsa, mən də bu cür davrana bilərəm" MÜSAHİBƏ

17:11 - 28 İyul 2017

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” səfərdə “Panatinaikos” 0:1 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında yunan jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu məğlubiyyətə görə özünüzü şanslı hesab edirsiniz?

- Məğlub olduqda sevinmirlər. “Panatinaikos” layiqli qələbə qazandı. Belə başa düşürəm ki, fərqin daha böyük olmalı olduğuna görə belə sual verirsiniz. Futboldur, bu cür hallar da olur. Əgər mənimlə məzələnmək fikriniz varsa, mən də bu cür davrana bilərəm.

 

- Meydanda təhlilinizdən fərqli “Panatinaikos” var idi?

- Taktiki və strateji gedişlərin hamısı gözlənilən idi. Bəli, rəqib komandanın çalışdırıcısı müəyyən detallarda dəyişiklik etmişdi.Təəccüblənəsi heç nə yox idi.

 

- Qarşılaşmanın gedişində çox əsəbi idiniz. Bu oyunla Bakıdakı görüşdə nəyə ümid bağlayırsınız?

- Bunun səbəbi sadədi. Komanda istədiyimiz və bacardığımız kimi oynamırdı. Bu da məni özümdən çıxarırdı. Bacardığımız üslubda oyunu bir kənara qoyub, fərqli bir metod tətbiq etdik. Bu, mənim üçün çox təəccüblü oldu. Bəli, etiraf edirəm ki, rəqibin nəzərəçarpacaq üstünlüyü var idi. Ancaq buna baxmayaraq, düşünürəm ki, biz indikindən daha düzgün futbol oynayıb, vəziyyəti düzəldə bilərik.

 

- “Qəbələ” oyunu əks-hücumlardan qurmuşdu. Cavab oyununda da bu taktika ilə oynayacaqsınız?

- Əks-hücumdan oynamaq niyyətində deyildik. Rəqib təşkilatlanmış komanda şəklində oynadı. Lakin, bu, bizə istədiyimiz futbolu nümayiş etdirməyə əngəl ola bilməzdi. Komandamı məhz sərgilədiyi oyun üslubuna görə tanıya bilmirdim. Cavab oyununda fərqli olacağıq.

 

- Şansları necə dəyərləndirirsiniz?

- Mən sizə bunu tam şəkildə cavab verə bilmərəm. Ancaq onu deyim ki, bizim şansımız var, bu, az deyil. Oyunumuzu inkişaf etdirsək, mərhələ adlamaq şansımız olacaq.

Xəbər xətti