Şahin Diniyev: "Onlar komandanı arxasınca apara biləcək potensiala sahibdir"

19:08 - 31 İyul 2017

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına açıqlama verib.

 

Təcrübəli çalışdırıcı komandanın hazırlıq prosesindən danışıb: “Əruzumda istədiyimiz hazırlığı keçdik. Fiziki cəhətdən təməlimizi orada keçdiyimiz təlim-məşq toplanışında qoyduq. Ağır məşqlər getdi. Türkiyədə bir neçə hazırlıq oyunu da keçirdik. Əsas məqsəd komanda üzlərinin bir-birinə uyğunlaşması məsələsi idi. Oyunçular arasında anlaşma və xəttlər arasında əlaqə bizim üçün vacibdir. Ötən mövsümkü əsas heyətdən 4 oyunçu qalıb. Bu səbəbdən yeni oyunçular bir-birini tanımalıdı. Ərzurum toplanışı bizim üçün çox səmərəli oldu. Anlaşılmazlığı aradan qaldırmaq üçün daha çox çalışmalıyıq. Oyunçulardan razıyam. Hamısı tapşırıqları yerinə yetirir. Təbii ki, deyə bilmərəm 100 faiz hamıdan razıyam. Faizlərə də bölmək istəməzdim. Amma 60-65 faiz hazırıq. Çalışacağıq ki, problemləri tez aradan qaldıraq. Vaxtımız da az qalıb. Premyer Liqanın startına 10-12 gün vaxt var. Bu müddətə kimi U-19 yığmamız və “Şüvəlan”la qarşılaşmağı planlaşdırmışıq. Bununla da hazırlıqları başa vuracağıq".

 

Şahin Diniyev yeni transferlərdən söz açıb: “Deyərdim ki, bu mövsümkü transferlərimiz daha səviyyəlidirlər. Mənim tələblərimə daha uyğundurlar. Düzdür, legionerimiz azdır. Ancaq biz keyfiyyətə üstünlük veririk. Hər üç legionerimiz komandanı arxasınca apara biləcək potensiala sahibdir”.

 

Mövsüm başa çatdıqdan sonra “sarı-göylər” litvalı qapıçı Tadas Simaitislə və ehtiyat qolkiper Eyyub Əliyevlə yolları ayırdı. Komanda iki "çərçivə qoruyucusu"nun əvəzinə “Neftçi”dən Ruzi Qiyaslını heyətə cəlb etdi. Diniyev Davud Kərimiyə və Qiyaslıya güvəndiklərini və “Kəpəz”in qapıçı probleminin olmadığını dilə gətirib: “Qapıçı problemimizin olduğunu düşünmürəm. Davud ötən il əsas heyətə düçməyə haqq etdi. Ruzi də perspektivli futbolçudur”.

 

Diniyev komandanın hədəfləri haqda da danışıb:  “Hər bir şeydə məqsəd olmalıdı. Ötən ilki yerdən daha yaxşı bir mövqeydə qərarlaşmağı hədəf seçmişik”.

Xəbər xətti