Şurasız 2 klub: "Qarabağ"la "Qəbələ"nin uğurunu arzulamalıyıq YAZI

01:22 - 1 Avqust 2017

Avropa meydanlarında mübarizəni davam etdirən iki klubumuz qalıb: "Qarabağ", "Qəbələ".

 

İlk görüşlərdən sonra hər ikisinin növbəti mərhələyə çıxmaq şansları var. İctimaiyyət arasında müxtəlif fikirlər, tənqidlər səslənir, subyektiv, obyektiv yanaşmalar olur...


Son 5-6 ildə aparıcı klubların müsbət çıxışı reytinq xallarını yüksəldib, böyük sıçrayışa səbəb olub. Bunun nəticəsində ilk mərhələlərdə rəqiblər zəif olur, onları üstələmək asanlaşır. Müəyyən mərhələyə qədər...

 

Bu rəqiblərlə görüşlərdə hətta komandanın fiziki, taktiki, psixoloji hazırlığı yetərincə olmadığı halda belə futbolçuların fərdi bacarığı sayəsində növbəti mərhələlər təmin olunur. Belə qələbələr ictimaiyyətdə eyforiya yaradır, təhlillər az aparılır, rəqibin gücündən asılı olmayaraq daha böyük nəticələr tələb olunur. 

 

Avropada qrup, play-off, bəzi hallarda 3-cü mərhələ görüşləri böyük futbol deməkdir. Emosional fonda bu oyunları keçmək mümkün deyil. Cavab qarşılaşmalarında qələbələri təmin etmək üçün son oyunların təhlilləri aparılmalı, nəticələr çıxarılmalıdır. Bunlar "Qəbələ", "Qarabağ"a dəstək olaraq edilməlidir. Azarkeşlər, hər kəs bir-birinin yanında olmalı, birlik nümayiş etdirməlidir.

 

Üzdən yanaşma, qıcıq mənfi hallara səbəb olur, sonda klublara, ümumi futbola zərbə vurulur. Fanatlar "Neftçi", "Xəzər Lənkəran"la yaxın keçmişin rəqabətini, böyük oyunların həsrətini yaşayır, "Bakı", "Kəpəz"in dirçəlməsini arzulayır, futbol bölgələrimizdə köklü klubların bərpa olunacağı günü səbirsizliklə gözləyir. 

 

İndiki reallıqda isə hər an "Qarabağ", "Qəbələ"ni də acı tale gözləyə bilər. Bunlar göz önünə gətirilməlidir. Yaxın keçmişi unutmamalıyıq... Hər iki klubdan gözləntilər böyükdur. Dəyərli azarkeşlərimiz oyunların təhlilini, real durumun nədən ibarət olduğunu bilmək istəyir, fikir mübadiləsi aparırlar.Bunu ictimaiyyətə bizlər, futbolda, mətbuatda söz sahibi olan insanlar çatdırmalı, fikirlərini əsaslandıraraq bölüşməlidirlər...

 

Klublarımızın uğurları Azərbaycan futbolunda mövcud durumu əks etdirmir. 8 komandalı rəqabətsiz çempionatımız var. Bu gedişlə yaxın iki-üç ildə elə olar ki, illər öncə klublarımızın 1-2 mərhələ keçməsinə qayıdıla bilər. 

 

Bu vəziyyətdə "Qarabağ" və "Qəbələ"nin uğurunu arzulamalıyıq. Şurasız, imkan daxilində müstəqil fəaliyyət göstərən iki klubumuz qalıb. Onlar Azərbaycan futbolunun sabahının xilaskarı olmalıdır. Bir an təsəvvür edin, ictimai təzyiqlər fonunda hər iki klubun sponsorları geri çəkilir və komandalar zəifləyir. Bu, Azərbaycan futbolunun yaxın on ildə tam məhvi deməkdir. "İnter", "Totenhem"," Atletiko", "Lill", "Borussiya" kimi nəhənglərin Azərbaycana rəsmi görüşlərə gəlməsi yenidən əlçatmaz xəyala çevrilməməlidir. Nəzərə alsaq ki, UEFA klub futbolunda yeni sistemə qədəm qoymaq istəyir, çempionatımız, komandalarımız daha da güclənməlidir....  "Qarabağ" "Şerif"lə ilk oyunda istədiyi nəticəni əldə edə bilmədi. Yaradılan imkanlar boşa verildi. Onlardan 2-3-ü qolla nəticələnsəydi indi başqa cür danışılardı. Bununla yanaşı rəqib "Qarabağ"ın futbolçularını, oynadığı sistemi yaxşı təhlil etmişdi. İki-üç eşelon sədd quraraq müdafiə olunan "Şerif"in arxa xəttini yarmaq üçün sürətli orta-qısa ötürmələrə, kənar reydlərə, asmalara, rəqibin dayaq bölgəsini yarmaq üçün geniş oyuna və s. üstünlük verilməlidir. Orta temp rəqibə daha rahat oynamağa, müdafiə olunmağa şərait yaradırdı. "Qarabağ"ın funksional hazırlığı pik nöqtəyə çatmadığı üçün bunu etməkdə çətinlik çəkdi. Komandanı arxasınca aparacaq lider futbolçunun olmaması da özünü göstərdi. Oyun alınmayanda, rəqib qapananda fərdi ustalıq səviyyəsi, texnikası üstün olan futbolçular önə çıxmalıdır.

 

İstənilən halda futbol komanda oyunudur. Rəşad Sadıqovun zədələnməsi, Almeydanın obyektiv səbəblərə görə formadan uzaq olması, Kintananın hələ meydana dönməməsi "Qarabağ"a çox mənfi təsir göstərir. Miçel, Qaranın yaradıcı oyunda, Əfranın taktiki gedişlərdə axsaması, Dinonun xilaskar hücumçu olmaması "Qarabağ"ın yaradıcı oyununa təsir edir. Yeni legionerlərin düşərgəyə gec qoşulması isə əlavə problemlər yaradır. Bütün bunlara baxmayaraq klub rəhbərliyi, məşqçilər korpusu cavab görüşündə tarixi şansın qaçırılmaması üçün fədakarlıq etməli, meydanda rəqibdən hərtərəfli üstün görünməlidir. Qarşıda Moldova klubudur...

 

"Şerif" Bakıda düzgün seçilmiş taktika ilə yanaşı komanda oyunu, möhkəm xarakter göstərə bildi. Cavab görüşündə açıq futbol oynayacaqları da inandırıcı deyil. Eyni zamanda tam müdafiədən də oynamayacaqlar. "Qarabağ"a boş zonalar verməyərək daha aqressiv hücumlar edib şanslarını axtaracaqlar. İtalyan məşqçilər risk etməyi sevmirlər. Oyunda erkən qol vurularsa məcburiyyətdən qarşılıqlı hücumlar qurula, açıq futbola gedilə bilər. İstənilən halda "Şerif"-"Qarabağ" görüşü məşqçilərin dueli olacaq. "Qarabağ" rəqibi topsuz qoyaraq üstünlük qazana, top itkisinə az yol versə "Şerif"in şansı minimuma enəcək. Oyunda taktiki, psixoloji üstünluk qazanan komanda mərhələni adlayacaq. 

 

"Şerif"in klub olaraq şəraiti yüksək olsa da futbolçuların ustalıq səviyyəsi ortadır. Əzmkar komanda oyunu ilə seçilirlər. Sözsüz ki, ilk oyun Qurban Qurbanov, məşqçilər və futbolçular tərəfindən incələnib, təhlil olunub.  Çətinliklərə baxmayaraq "Qarabağ"ın rəqibi üstələməsi üçün bütün imkanları yetərincədi. Belə rəqib, belə şans bir də ələ düşməz...

 

İnanaq ki, bu gün Azərbaycan futbolu üçün yeni bir tarix yazılacaq. Uğurlar, "Qarabağ"!

 

Tahir SÜLEYMANOV

Xəbər xətti