Azərbaycanlı idmançı: "Bolt məni görən kimi salam verir"

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda start götürən dünya çempionatı ərəfəsində "Hürriyet" qəzetinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı idmançı Türkiyə həyatına uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib: "Mən azərbaycanlı olduğumdan, özümü əcnəbi kimi hiss etməmişəm. Dilimiz eyni, doğulub boya-başa çatdığım Bakı da İstanbul kimi böyük şəhərdir. Buraya çox asanlıqla alışdım. Həmçinin, çıxış etdiyim "Fənərbaxça" klubunda mənə çox böyük dəstək verirlər. İlk növbədə klub prezidenti Əziz Yıldırımı qeyd edərdim. Bu klub olmasaydı, bəlkə də Türkiyəyə gəlməyəcəkdim. Karyeramın, əldə etdiyim nəticələrin səbəbi klubumdur. "Fənərbaxça" olmasaydı, bəlkə də atletika ilə çoxdan vidalaşmışdım".

 

Türkiyəni dünya çempionatında 200 metr məsafəyə qaçışda təmsil edəcək Quliyev hədəfinin medal qazanmaq olduğunu söyləyib. Azərbaycanlı atlet dünya şöhrətli Useyn Bolt barədə də danışıb: "Boltla ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qarşılaşmışdım. O vaxtlar çox da böyük idmançı deyildi. Yarışlarda məni görən kimi salam verir. Çox təvazökar insandır. Rok ulduzu kimidir. Bəzi idmançılar var ki, kiçik bir nəticə göstərən kimi dərhal dəyişirlər. Sən isə onun yanında özünü pis hiss edirsən. Amma Bolt elələrindən deyil. Əksinə çox yaxşı insandır. Düzdür, Bolt "Londondakı dünya çempionatından sonra karyeramı bitirəcəyəm" deyib. Amma məncə, dönəcək".

Tarix: 6 Avqust [19:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio