Orxan Sadıqlı: "İnter"də vəziyyətin yaxşı olduğunu desəm, yalan olar"

00:40 - 8 Avqust 2017

“İnter”in qapıçısı Orxan Sadıqlı Sportal.az saytına açıqlama verib.

 

“Çərçivə qoruyucu”su komandanın son durumundan danışıb. O, komandadakı durumun yaxşı olmadığını deyib:

 

“Bu dəqiqə “İnter”də vəziyyətin yaxşı olduğunu desəm, yalan olar. Komandada vəziyyət göz qabağındadır. Hər şey klub rəhbərliyinə də, bizə də, mətbuata da bəllidir. İnşallah, yaxşı olacağına ümid edirik. “İnter” kimi komandanın bu vəziyyətə düşəcəyini gözləmirdim. Azərbaycanda elə klublar dağıldı ki... “İnter” də fəaliyyətini dayandırsa, heç kim şübhələnməsin. Bu dəqiqə vəziyyət yaxşı deyil”.

 

Sadıqlı yayılan xəbərlərin futbolçulara təsir etdiyini, düşərgədə atmosferin yüksək səviyyədə olmadığını vurğulayıb:

 

“Hər gün eyni söz-söhbətləri eşitsək necə ola bilərik? Eyni vəziyyətdi: “Xəzər Lənkəran”dan sonra “İnter” kimi iddialı komandaya gəldim. Amma burada da eyni vəziyyətlə üzləşdim. Vallah, vəziyyət belə olmamalı idi. Ümid edirik ki, bundan sonra hər şey yaxşı olacaq. Klub rəhbərliyimiz, Azərbaycan futboluna nəzarət edənlər vəziyyətimizlə maraqlanır. İnşallah, şad xəbər eşidərik”.

 

Paytaxt klubunun əsas qapıçısı Səlahət Ağayev “Neftçi”yə üz tutduğu üçün komandanın əsas qapıçısı məhz Orxan olacaq. O, özünə inandığını, amma oyun praktikası baxımından əziyyət çəkdiyini bildirib:

 

“Təcrübə baxımından heç bir problemim yoxdur. Sadəcə, oyun praktikasından əziyyət çəkirəm. Sonuncu dəfə əsas heyətdə Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində meydana çıxmışdım. Özüm də müəyyən qədər oyun praktikasından əziyyət çəkdiyimi hiss edirəm. Amma bu problemi oyundan-oyuna aradan qaldırmaq olar. Özümü oynamağa hazır hiss edirəm. Komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.

Xəbər xətti