"Səbail" "Bayıl Arena"nı yeniləyir LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 3-cü yazısı

 

Ötən ilin yayında Bakıda yeni futbol klubu təsis edildi. Bu klubun adı “Səbail” idi. Paytaxtı təmsil edəcək klubun ilk yarışı 1-ci divizion olacaqdı. Ancaq futbol ictimaiyyəti çox yaxşı anlayırdı ki, “Səbail” aşağı dəstədə çox qalmayacaq. Çünki klub sağlam təməllər üzərində qurulmuşdu. Sözsüz ki, sağlam təməl deyəndə ilk növbədə maliyyə dayağını nəzərdə tuturuq. Klub yeni yaradılanda onun idarə heyətinin sədri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev idi. Bu onu göstərirdi ki, “Səbail”in ana sponsoru SOCAR olacaq. 2016-cı ilin iyulun 19-da təqdimat mərasimi keçirildi. Həmin mərasimdə elan olundu ki, İdarə Heyətinin üzvləri Təbriz Həsənov, Ramin Həsənov, Ayaz Əhmədov, Əbdülqəni Nurməmmədov və Tural Əsədov olacaq.

 

2016/17 mövsümündə 1-ci divizionda debüt edən “Səbail” uğurlu çıxışla yadda qaldı. Ev oyunlarını “Bayıl Arena”da keçirən “ağ-mavilər” mövsümü 18 qələbə, 3 heç-heçə və 5 məğlubiyyətlə tamamladı. Rəqib qapılarından 80 top keçirildi ki, bu da 1-ci dəstədə ən yüksək göstərici oldu. Ancaq “Səbail”in müdafiə xətti inamlı təsir bağışlamadığından qapılarında 25 qol gördülər. Ümumilikdə toplanan 57 xal gümüş medal qazanmağa imkan verdi. “Səbail” çempionluq sevinci yaşayan “Turan Tovuz”dan 4 xal geri qaldı.

 

Ancaq lisenziya şərtlərinə cavab vermədiklərindən Əsgər Abdullayevin komandasını elitaya buraxmadılar. Ancaq “Səbail”də bu baxımdan heç bir problem yox idi. Ona görə də uzun fasilədən sonra aşağı dəstədən Premyer Liqaya ilk yüksələn klub “Səbail” oldu. Debütant 2017/18 mövsümündə elitada AZAL-ı (indiki “Şüvəlan”) əvəzləyəcək.

 

Artıq Rəşad Abdullayev “Səbail”in İdarə Heyətinin sədri deyil. Hələ Rövnəq Abdullayev bir neçə ay əvvəl bildirmişdi ki, bu klub elitaya yüksəlsə, oğlum “feyr-pley”ə uyğun olaraq bu klubla əlaqəsini kəsəcək. Kluba yeni sponsor tapılacağı da gözlənilir.

 

Bəs debütant ilk ilində nə ilə yadda qalacaq? Qısa müddətə klublaşma yönündə hansı işlər görülüb və görüləcək? Bu və digər suallara cavab tapmaq üçün “Səbail”in icraçı direktoru Ramin Həsənovla söhbət etdik.

 

Klub rəsmisi əvvəlcə görülən infrastruktur işləri haqqında məlumat verdi. Bildiyiniz kimi, bu klub “Bayıl Arena”nı bazası kimi seçəndən sonra burda müəyyən işlər gedir. Bu işlərin hansı mərhələdə olduğunu Ramin bəy izah etdi: “Bayıl Arena”nın inzibati binasında tikinti işləri davam edir. 3-cü mərtəbə demək olar ki, hazır vəziyyətdədir. Artıq fasad tərəfdən bütün işlər görülüb. İndi otaqların təmiri prosesi gedir. Ancaq bu işlərin tam nə vaxt bitəcəyini söyləyə bilməyəcəyəm. Yəqin ki, bir neçə aya işlər yekunlaşacaq. Həmin mərtəbədə 36 nəfərli futbolçu və məşqçilər üçün otaqlar və yeməkxana olacaq”.

 

Lisenziya şərtlərindən biri Premyer Liqa iştirakçılarının aşağı yaş qrupları üzrə komandalarının olmasıdır. Həsənov bu barədə bunları dedi: “U-10-dan başqa bütün yaş qrupları üzrə komandalarımız var. Yaxın zamanlarda bu komandanı da yaradacağıq. Ancaq bu mövsüm onlar heç bir yarışda iştirak etməyəcək. Növbəti ildən ən aşağı yaş qrupu üzrə komandamız da yarışlarda qüvvəsini sınayacaq”.

 

Klub rəsmisinin verdiyi məlumata görə, “Kəpəz” kimi “Səbail” də bir müddət doğma meydanından yararlana bilməyəcək. Buna səbəb “Bayıl Arena”nın örtüyünün dəyişdirilməsidir. Ancaq yenə stadiona süni qazon döşənəcək. İcraçı direktor bu prosesin uzun çəkməyəcəyini söylədi: “Əsas komandamız bir müddət “Bayıl Arena”dan yararlana bilməyəcəyik. Çünki stadionun ot örtüyünü dəyişirik. Tam müasir standartlara cavab verən süni qazonun döşənməsinə başlanılacaq. Sentyabrın 1-dən yeni örtük tam hazır vəziyyətə gətiriləcək. UEFA-dan da nümayəndələr gəlib, qazonu qiymətləndirəcək. Çünki yalnız bu halda “Bayıl Arena”da beynəlxalq oyunlar keçirilə bilər. Ona kimi müzakirələr gedir ki, komanda ölkə çempionatında ev oyunlarını harda keçirsin. “Dalğa Arena” variantı daha çox gündəmdədir. Ancaq hələ dəqiq qərar verilməyib. Bəzi məşqlərimiz “Dalğa Arena”nın, bəziləri isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilir”.

 

“Səbail” debüt ilində iddialı olmaq niyyətində deyil. Əsas hədəf Premyer Liqada mövqeyi qorumaq və infrastrukturu, strukturu təkmilləşdirməkdir: “Komandanın bu il üçün hədəfi elitada yerini qorumaqdır. Çünki hazırda əsas məqsədimiz infrastruktur yönündə işlər görməkdir. Təşkilati istiqamətdə də görüləsi işlər var. Əsas hədəfimiz klubun strukturunu qurmaq, “alt yapı”nı təkmilləşdirmək, akademiyamızı qurmaq, aşağı yaşlardan futbolçular yetişdirməkdir. Əsas komandamızın da məqsədi digər rəqiblərə boy göstərməkdir. İndiki vəziyyətdə yaxşı oyunçular transfer etmək çətindir. Çünki hamısının klubuyla müqaviləsi var. Ana sponsorumuzu hələ ictimaiyyətə açıqlamamışıq. Ancaq 1-2 günə bunu açıqlayacağıq”.

 

Doğma meydanla yanaşı, güclü azarkeş hər komandanın ehtiyacı olduğu vasitələrdir. Ancaq əksər Bakı klublarında azarkeş sarıdan problem olur. “Səbail” bu istiqamətdə müəyyən işlər görəcək: “Azarkeşlərlə bağlı işlər gedir. Çalışırıq ki, bazamızın ətrafında yaşayan yerli sakinlər arasında təbliğat işləri aparaq. Onları klubun tərəfdarına çevirək”. 

 

Hələ ki “Səbail”in saytı fəaliyyət göstərmir. Klubun “vkontakte” və “facebook” səhifələri işlək vəziyyətdədir. Klub haqqında məlumat məlumatlar bu sosial şəbəkələrdə əksini tapır. Artıq “Səbail”in “facebook” səhifəsinin izləciyi sayı 5000-i keçib ki, bu da yeni yaranmış klub üçün pis göstərici sayıla bilməz. Həsənov saytla bağlı isə bunları dedi: “Klubun mətbuat katibi Firuz Abdulladır. Saytımız üzərində işlər gedir. Bununla bağlı ondan məlumat ala bilərsiniz”.

 

Bu yaxınlarda “Səbail” loqosunu dəyişdi. Əvvəlki loqoda Qız Qalası və 3 şir əksini tapmışdı. İndi daha sadə loqo seçilib. Mavi rəng üzərində “S” hərfi əksini tapıb. Loqonun dəyişməsi klub tərəfindən belə izah olunmuşdu: “Bu il ilk dəfə Premyer Liqada çıxış edəcək "Səbail" Futbol Klubunda daha bir yenilik baş verib. Paytaxt təmsilçisi ölkə çempionatının elitasına yeni loqotipin müşayiəti ilə qədəm qoyur. Loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən S hərfi yer alıb. Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadır. Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir, başqa sözlə, son dövrlərdə bir çox klubların öz loqolarını yenilədiyi zaman müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb”.

 

Əvvəlki loqo:

 

Yeni loqo:

 

Klub rəsmisi isə bu barədə bunları dedi: “Loqomuzu dəyişəndə bunun səbəbini izah etmişdik. Fikirləşdik ki, Premyer Liqada yeni brendlə iştirak edək. Bu üzdən sadə loqo seçməyə üstünlük verdik”.

 

İndi isə komanda haqda qısaca məlumat verək. Düzdür, növbəti yazılarımızın birində klubların mövsümlərarası fasilədə etdiyi transferləri qısaca dəyərləndirəcəyik. Ona görə də geniş izahata indi ehtiyac yoxdur. Komandanı elitaya çıxardıqdan sonra Elman Sultanovu baş məşqçi postunda Samir Əliyev əvəzləyib. Heyət də başdan-başa dəyişib. İndi komanda gənclərlə təcrübəlilərin sintezindən qurulub. Yeni transferlər bunlardı: Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Neftçi"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi": icarəyə), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu ("Turan Tovuz"), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov ("Qarabağ"), Nurlan Novruzov ("Bakı"), Elman Taqayev ("Altın Asır", Türkmənistan), Maudo Lamine Jarjue ("Jil Visente", Portuqaliya).

 

Ümid edirik ki, “Səbail” çempionatımıza rəng qatacaq, iddialılarla başa-baş mübarizə aparacaq və “feyr-pley” meyarlarına tam əməl edəcək.

 

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

Tarix: 8 Avqust [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2017
17  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio