Premyer Liqada 12-ci start

10:08 - 9 Avqust 2017

Bu həftə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək.

 

Sportal.az xəbər verir ki, 2006-cı ildən Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən “Qəbələ” özünün 12-ci mövsümünə başlayacaq. “Qırmızı-qaralar” indiyədək 11 dəfə medallar uğrunda mübarizəyə qoşulub. Arxada qalan 11 mövsümdə 1 gümüş və 3 bürünc medal qazanan komandamız 336 oyun keçirən “Qəbələ” 138 qələbə qazanıb, 87 heç-heçə edib, 111 dəfə uduzub. 406 qol vuran futbolçularımız 350 top buraxıb. Həm evdə, həm səfərdə 168 matçda qüvvəsini sınayan “qırmızı-qaralar” öz meydanında daha uğurlu çıxış edib: 78 qələbə, 44 heç-heçə, 46 məğlubiyyət. Top fərqi 217-144-dür. Səfərdə 60 qələbə, 43 heç-heçə və 65 yenilgisi olan klubumuz 189 qol vurubsa, 206 dəfə rəqibləri fərqlənib. Ümumilikdə 501 xal qazanan komandamız evdə 278, səfərdə 223 xal əldə edib.

 

Son mövsümlərdə ardıcıl 4 medal qazanan komanda 12-ci cəhddən daha yüksək əyarlı mükafat üçün mübarizə aparacaq. Bundan başqa, daha 4 dəfə “altılıq”da yer alan “Qəbələ” yalnız 3 dəfə turnir cədvəlinin ikinci yarısında qərarlaşıb. 11 çempionat ərzində 198 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Bu isə o deməkdir ki, mövsümün ikinci debütantı sayca 200-cü – yubiley oyunçu olacaq. Lakin ilk turda daha çox sayda futbolçunun eyni vaxtda debüt etməsi mümkündür ki, belə olan halda yubilyar bəlli olmayacaq. 198 oyunçu arasında mütləq rekord Dodoya məxsusdur – 131 oyun. Onun kimi Ürfan Abbasov (122) və Viktor Mendi (112) də 100-dən artıq oyun keçiriblər. Ən çox qarşılaşmaya çıxan 10 futbolçu arasında Samir Zərgərov (95), Pavel Doroşev (90), Abdulkader Kamara (88), Lyubo Baranin (85), Rafael Santos və Elvin Camalov (hər ikisi 72), Dmitri Bezotosnı (70) da yer alıblar.

 

“Qəbələ”nin qollarına 88 futbolçu imza atıb. Onlardan başqa, 3 rəqib oyunçu da komandamızla görüşlərdə avtoqol müəllifi olub. “Qırmızı-qaralar”ın Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Yannik Kamanan 16 dəfə rəqib qapısına yol tapıb. Deon Bartonla Daniel Subotiç (hər ikisi 15), Aleksey Qay (14), Cavid Hüseynov, Kənan Kərimov, Vitali Balamestnı və Filip Ozobiç (hərəsi 11) ilk “onluq”da qərarlaşıblar.

 

“Qəbələ” 11 mövsüm ərzində 9 baş məşqçinin rəhbərliyi altında çempionat oyununa çıxıb. Son 3 mövsümdə komanda ilə medal qazanan ukraynalı Roman Qriqorçuk 80 matçda bu postda olub. Bu, klub tarixində 2-ci göstəricidir. Rekord 118 matçda bu vəzifədə olan Ramiz Məmmədova məxsusdur. İngiltərəli Toni Adams 44, ilk bürünc medalı qazandıran rusiyalı Yuri Syomin 36, türkiyəli Fatih Kavlak 26, rumıniyalı Dorinel Muntyanu 13 qarşılaşmada baş məşqçi olub. Faiq Cabbarovla Luis Araqon hərəyə 8, Sənan Qurbanov 3 görüşdə “qırmızı-qaralar”a rəhbərlik edib.

 

Xatırladaq ki, “Qəbələ” 11 mövsüm ərzində 22 müxtəlif rəqiblə qarşılaşıb.

Xəbər xətti