Tahir Gözəl: "Sürpriz transfer ola bilər" MÜSAHİBƏ

00:09 - 12 Avqust 2017

Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:1) “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Çempionatda ilk oyunumuz idi. Bu qələbə bizə əlavə güc verdi.  Avrokubklar üçün motivasiya oldu. Əminəm ki, zaman keçdikcə güclənəcəyik. Dani Kintananın zədələnməsinə üzüldüm. Sabah onu müayinə edəcəyik. Yəqin ki, 1 ay yarım sonra komandaya qoşular. İnşallah yanılaram və onun zədəsi yüngül olar. Optimist düşünürəm.
 
- Meydanda ancaq “Qarabağ” var idi...
- Onu deməzdim. “Neftçi” də yaxşı oynadı. “Neftçi” hər zaman güclü olub. Belə davam etsələr, stabil komanda olacaqlar.
 
- “Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”lə oyunda qol buraxmadan qalib gəlmək istəyəcək...
- Ən böyük ümidimiz də elə budur. “Qarabağ”ın gözəl oyunlarını çox görmüşük. Bütün ümidimi Bakıya bağlamıram. Komandamıza inanıram. “Kopenhagen”ə Bakıda çətin olacaq.
 
- “Qarabağ” minimum qışa qədər avrokuboklarda oynayacaq. Heyətə legioner futbolçu cəlb ediləcək?
- Söz-söhbət gedir. Ad verə bilməyəcəm. Avropada danışıq apardığımız oyunçular var. Sürpriz transfer də ola bilər. Ətraflı danışmaq istəməzdim.
 
- Sürpriz dedikdə tanınmış futbolçu nəzərdə tutursunuz?
- Xeyr, belə deməzdim. Ancaq bizim axtardığımız oyunçu olacaq. “Qarabağ”ın keyfiyyətli legionerləri olub. Ümid edirik ki, yeni oyunçumuz da onlar kimi olacaq.
 
- Kintananın zədə alması yeni transferi sürətləndirəcək?
- Bununla əlaqəsi yoxdu.
 
- Azərbaycan əsilli Ramil Quliyev Türkiyə adına Atletika üzrə 200 metr məsafədə qaçış yarışında dünya çempionu oldu. Bu barədə fikirləriniz necədir?
- Əlbəttə, böyük uğur, qələbədir. Azərbaycanı, Qarabağı, Türkiyəni dünyaya tanıdan hər kəsə biz ancaq təşəkkür edirik. Ramili təbrik edirəm.
 
- Əzəli rəqibiniz olan “Neftçi”nin belə vəziyyətdə olması sizə necə təsir edir?
- “Neftçi”nin güclənmək və formalaşmaq istəyi var. Bir az zamana ehtiyacları var. Mən daha güclü “Neftçi”ni qarşımızda görmək istəyirəm. Ümid edirəm ki, belə də olacaq.

Xəbər xətti