“Tiflisdə gördüklərimdən sonra öz-özümə fikirləşirdim ki...” LAYİHƏ

Əvvəli: http://sportal.az/news/87961

 

(II HİSSƏ)

 

Mingəçevirin uşaq futbolunun hazırkı durumuyla bağlı hazırladığımız reportajın ikinci hissəndə bu bölgənin uşaq futbolunun problemlərinin daha nədən ibarət olmasından və bu problemlərin çıxış yollarından bəhs edəcəyik. Yazıda uşaq futboluyla məşğul olan məşqçilər, məşq prosesləri və bu sahədə əldə edilmiş uğurlarla bağlı da məlumat verəcəyik. Mingəçevirin uşaq futbolunun hazırkı durumuyla bağlı Mingəçevir UGİM-in direktoru Rövşən Əhmədovla söhbətimizin davamında müəyyən problemləmləri də aydınlatmağa çalışdıq: 

 

“Mingəçevirin hazırda futbolunda problemlər çoxdu, bütün bunlar da uşaq futboluna təsirsiz ötüşmür. Bu problemlərə baxmayaraq, qruplarımızı saxlayırıq. Ancaq uşaqlarla müqavilə bağlaya bilmirik. Çünki idman məktəbi dövlətindi. Ürəkləri istədikləri vaxt, valideynlər uşaqlarını götürüb “Qəbələ”yə aparır. Tutalım ki, uşaqlardan hansısa perspektivlidi. 10 gün bizdə məşqə gəlir, 15-ci gün görürsən “Qəbələ”dədi. Səsi ordan gəlir. Valideyn də deyir ki, orda mənim uşağımı geyindirirlər, maaş verirlər. Onları da başa düşmək olar. Perspektivlidisə, “Qəbələ”yə, ordan da başqa kluba gedib 200-300 min manatlıq müqavilə bağlayacaq. İnanın ki, Mingəçevirdə kənardan futbolçu gətirməyə ehtiyac yoxdu. Şəhərin uşaq futboluna baxsalar, 2-3 ildən sonra nəticə də verərlər. Stadionumuz da var, şərait yarada bilərlər. Hafiz Məmmədov kimi insan olsaydı və “Bakı” kimi infrastruktur yaradılsaydı, Mingəçevirdə futbol inkişaf edərdi. Burada yer götürüb yenidən stadion tikdirməyə də ehtiyac yoxdu. Sadəcə sərmayə qoymaq lazımdı ki, bir neçə ildən sonra xeyrin götürə. Əvvəl “Qarabağ” burada məskunlaşmışdı, gedib Ağdamda oynayıb gəlirdilər. Sağ olsun klub rəhbərliyi, sonradan komandanı himayəyə götürdü, indi Avroliqada oynayırlar, Çempionlar Liqasının qrupuna düşməyə yaxındılar. Qəbələdə futbol yox idi, indi görürsüz Avropa standartlarına cavab verən 6-7 stadionu, hər cür şəraitli, akademiyası var.

 

 

Digər problemlər valideynlərin məşqlərə gəlməməsi ilə bağlıdı. Mən bunu təkcə Gürcüstanda görmüşəm. Valideyn həmişə uşağın yanında olur. Amma bizdə əzəldən başqa cürdü. Məsələn, mən də uşaq vaxtı futbola gedəndə valideynimiz arxamızca gəlmirdi. Amma cüdo məşqlərində 40-a yaxın valideyn olur. Uşaqların məşqini gözləyirlər. Futbolda isə tək-tük hallarda kimsə gələr, baxar. Perspektivli uşaq varsa, özümüz də göndəririk “Qəbələ”nin akademiyasına ki, batmasınlar. Buna heç kim razı olmaz. Tiflisdə gördüklərimdən sonra öz-özümə fikirləşirdim ki, “görəsən bizim valideynlər niyə gəlib baxmır?”. Amma buna baxmayaraq, bizdə həmişə uşaq futbolu inkişaf edib. AFFA qərar çıxarmışdı ki, uşağı yetişdirən məşqçinin əziyyətinin əvəzi verilməlidi. Sağ olsun, “Qəbələ” bizə bunu edir. Yeri gələndə hörmət də edirlər. Ona görə də, müəllim bunu üstün tutur ki, futbolçunu yetişdirib “Qəbələ”yə versin. İnanın Mingəçevir futboluna pul qoyan uduzmaz”. 

 

Məşqçilər: “14 qrup, 6 məşqçimiz var. Hər məşqçimiz 2-3 qrupla işləyir. İşləməklə bağlı problem yoxdu. Maaşları da hardasa 200-300 manatdı. Mingəçevir üçün normaldı. Amma stimul yoxdu. Çünki Premyer-Liqada klubumuz iştirak etmir. Məşqçi-müəllimlərimizdən ikisinin “C” , birinin isə “B” kateqoriyası var. Amma məktəbdə kateqoriya vacib deyil. Çünki dövlət məktəbidi, büdcədən maliyyələşir. Əsas odu ki, bədən tərbiyəsi təhsili, yaxud əməkdar məşqçi və idman ustası olsun, onları məşqçi kimi işə götürə bilərik. Amma məsələn, Samir Məmmədovla, Ruslan Nəsibov öz istəkləri ilə AFFA-da məşqçilik kurslarını oxuyub kateqoriya alıblar. Həm də Samir AFFA-nın elit məşqlərində Zaur Qarayevlə birlikdə çalışır”.

 

 

Nailiyyətlər: “Sevinc Kuboku”nda 12-13 yaşlılarımız çempion oldu. 13-14 yaşlılarımız Xaçmazda ikinci yerə çıxdılar, finalda “Sumqayıt”a uduzdular. 10-11 yaşlılarımız da Biləsuvar şəhərində 3-cü yerə çıxdı. Bunlar nazirliyin keçirdiyi yarışlar idi. Bəzi məktəblər Təhsil Nazirliyinə tabedi. Bizim idman məktəbi isə Gənclər və İdman Nazirliyinə tabe olduğu üçün onların keçirdiyi bütün yarışlarda iştirak edir. Hesabatımızı Gənclər və İdman Nazirliyinə veririk. Nailiyyətimizə görə keçən il bizim məktəb ən yaxşılardan oldu. Mənə də cənab nazir fəxri idman işçisi adı verdi. Bu il də komandalarımız pis deyil. Yeni dərs ili sentyabrdan başlayacaq. Qruplarımız yaxşıdı. Komplektləşmə gedir. Uşaqlar var, müəllimlər də işləyir, hardasa məqsədəuyğundu. Amma böyük futbolun olmaması hamımızı “yandırır”. Əks halda heç bir dərdimiz olmaz. Bəlkə bu yazılardan sonra kimsə sponsorluq etmək fikrinə düşər”. 

 

“Qaçqınlar yaşadığı yerlərdən tam çıxmalıdılar ki, stadion təmir olunsun”

 

Mingəçevirin gənc məşqçilərindən olan Ruslan Nəsibovla da danışdıq. UGİM-də 12-13 yaşlılardan ibarət qrupun məşqçisi uşaq futbolu ilə bağlı hazırkı durumu dəyərləndirdi, məşq sistemləri haqda məlumat verdi.

 

Hazırkı durum: “Hazırda məzuniyyətdəyik. Avqustun 10-11-dən sonra məşqlərə başlayacağıq. Sentyabrda AFFA-nın keçirdiyi yarışlara qatılacağıq. Mən 12-13 yaşlılardan ibarət qrupa məşq keçirəm. Uşaqlarla bağlı bizdə heç vaxt problem olmayıb. Hərə gəlib öz yaş qrupunda məşq edir. Həmişə nəticələrimiz olub. Bu il də 3 yaş qrupu üzrə komandalarımız yaxşı nəticə göstərdi. 14 yaşlılarımız 1/4 final mərhələsinə qədər gedib çıxdı. UGİM-in rəhbəri Rövşən müəllim də nəzarət edir, işimizdən razıdı. Hər il məzuniyyətdən sonra proqramları hazırlayırıq. Açığı bizdə proqram həmin günə uyğun olur. Məşq proseslərimizi belə keçirik”.

 

 

Məşq sistemi: “14-15 yaşına qədər bizdə uşaqlara fiziki hazırlıq verilmir. Ancaq toplarla oynadılır. Məşq sistemi 3, hazırlayıcı, əsas və tamamlayıcı hissədən ibarətdi, sonda da futbol oynadırıq. Bildiyiniz kimi hər yaş qrupunun özünün yük götürmə qabiliyyəti var. Məsələn, 14-15 yaşdan sonra yüngül fiziki məşqlər keçirik. Ona qədər isə ancaq toplarla çalışırıq. Elə fiziki məşqlərimiz də toplarla olur. Məzuniyyətdən qayıdandan sonra müəyyən prosesə qədər uşaqları hazırlayırıq. Hər şənbə və bazar günü yarış olur. Uşaqları fiziki yükləsək o yarışa hazır ola bilməzlər, istədiyimiz nəticəni əldə edə bilmərik, uşaq yorular. Çünki məşq prosesindən sonra uşaqlar məhlə futbolunda, küçədə də oynayırlar. Bunlar hamısı onun enerjisinin əldən getməsinə səbəb olur. Ona görə də toplarla çalışdırırıq ki, həm uşaq bezməsin, həm də əylənsin. Məşqdən zövq alsınlar. Bunun da nəticəsini görürük. Şənbə, bazar günləri hazır olurlar”.

 

Əsas problemlər: "Burda əsas problemlər meydança ilə bağlıdı. Rövşən müəllim də Gənclər və İdman Nazirinə müraciət edib. Aradan qaldırılacağına söz versələr də hələ ki, ortada heç nə yoxdu. Demişdilər ki, süni örtük olacaq, o da alınmadı. Qaçqınlar yaşadığı yerlərdən tam çıxmalıdı ki, stadion təmir olunsun. Ümid edirik ki, nə vaxtsa layihəyə salınacaq və düzəldəcəklər. Buna baxmayaraq komandalar avadanlıqlarla, materiallarla təmin olunur. Ancaq uşaqlar paltarlarını çöl şəraitində dəyişirlər”. 

 

 

İl ərzindəki nailiyyətlər: “UGİM İdman Nazirliyinə tabedi. “Energetik” isə ayrıca klubdu. Onların bizə aidiyyatı yoxdu. Klubun bizə faydası ondan ibarətdi ki, yetişib başqa bölgələrə gedən uşaqlar, ora düşə bilməyəndə “Energetik”də iştirak edirlər. Hansı ki, orda oynayanların 4-5-i bizim yetirmələrdi. Bizdə qruplar 15 yaşına qədərdi. Ondan sonra futbolçuları təhvil veririk. Yəni, uşaqları başqa klublara, birinci diviziona istiqamətləndiririk. İldə neçə futbolçu yetişdiririk? Bu, uaşqların istedadından asılıdı. Orta hesabla 6-7 il ərzində hər yaş qrupundan 4-5 futbolçu yetişir və onları digər klublara göndəririk. Şəraitimizə baxmayaraq, futbola maraq göstərirlər. Biz də sevə-sevə onlarla məşğul oluruq, bir neçə il sonra da yığma komandalarımızın müvafiq yaş qruplarında oynayırlar. Mingəçevirin uşaq futbolunda yetişib, yığmalarımıza gedirlərsə bizim üçün böyük fəxrdi. Aşağı yaş qruplarında məsələn, Roman Hüseynov vardı, hazırda “Qəbələ”də oynayır, eyni zamanda yığma üzvüdü. Şəxsi tələbəm olub. Habil Məmmədli, Məmmədzadə Tural, Kamran Həsənzadə, İsmət Alıyev də burda yetişib. Hazırkı uşaqlardan isə hələ ki, yığmaya çağrılanlar yoxdu. Burada UGİM-dən çıxıb başqa klublara ordan da yığmalara gedirlər. Birbaşa dəvət isə məsələn, o vaxt Habilə gəlmişdi. Son vaxtlar yoxdu, ancaq digər klublara gedirlər. Şükür Allaha, yetişdirdiyim futbolçunun əvəzini görürəm. “Qəbələ”, “Neftçi”yə futbolçu verəndə razılaşırıq. Yəni uşağın məşqçisi kim olubsa, ona müəyyən miqdarda maddi dəstək verilir. Olmasa da, əvəzində geyim dəstləri filan verilir. Hər halda əziyyət çəkmişik. Narazılığımız yoxdu. Biz də istəyərik ki, uşaqlarımız 15 yaşında hansısa klubda oynasın, neçə il futbolla məşğul olub, əziyyəti yerdə qalmasın. Bu il də komandalarımızdan yaxşı nəticələr gözləyirik. Gənclər və İdman Nazirliyinin keçirdiyi yarışlarda nailiyyətlər olur”.

 

Kateqoriya: “Hazırda “C” kateqoriyasına malikəm. Hələ ki, bu, kifayət edir. Çünki özüm Bədən Tərbiyəsi Akademiyasını bitirmişəm. Hazırda bu haqda düşünmürəm. Amma qarşıdakı 1, 2 il ərzində “B”ni də oxumaq istəyərəm. Bunun ziyanı yoxdu. Gələcəkdə hansısa klubda işləmək üçün əhəmiyyətlidi”.

 

 

Ümumiyyətlə, Mingəçevirdə uşaq futbolu üçün imkanlar genişdi, sadəcə həmin uşaqları seçdikləri peşəni davam etdirmək üçün motivasiya etmək çətindi. Bunun da səbəbləri aydındı ki, Premyer Liqada çıxış edən klubları yox, I divizionda təmsil olunduqları klub – “Energetik” isə bərbad durumdadı.Uşaqların məşq etmək üçün şəraitləri də qənaətbəxş deyil. Bütün bunların hamısı kiçik yaşlı uşaqların psixologiyalarına mənfi təsir edir. Amma bunlara baxmayaraq, mübariz uşaqlar istedadları sayəsində futbolda parlamağı bacarırlar. 

 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmid

 

 

Tarix: 14 Avqust [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2017
24  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio