Elxan Abdullayev: "Heç kim istəməz ki, istefa şüarını eşitsin"

21:46 - 19 Avqust 2017

“Belə oyundan sonra danışmaq çətindi. Uduzmalı matç deyildi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan Premyer Liqasının II turu çərçivəsində "Səbail"in qonağı olan "ağ-qaralar" 0:1 hesabı ilə uduzublar. Abdullayev oyunsonrası mətbuat konfransında məğlubiyyəti şərh edib:

 

"Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi, yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də, sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadı. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər”.
 
- Razısız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?
- Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman Hacıyev təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.

 

- İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?
- Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydınız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdılar. Onları başa düşürəm və qəbul edirəm.

 

- “Neftçi”nin problemi nədədi?
- Yalnız psixologiyada. “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündülər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq. (futbolxeber.az)

Xəbər xətti