Rahid Əmirquliyev: "Əsas məqsədimiz Çempionlar Liqasının qrupuna düşməkdir"

00:24 - 20 Avqust 2017

“Bilirdik ki, ağır oyun olacaq. “İnter” keçən il də yaxşı oyun nümayiş etdirirdi. Çətin də olsa, sonda istədiyimizə çatdıq”. 

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının ikinci turunda “İnter”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. Təcrübəli yarımmüdafiəçi qeyd edib ki, hazırda çempionatda zəif komanda yoxdur:

 

“Rauf Əliyev və Nizami Hacıyevi çıxsaq, “İnter” keçənilki komandadır. Bizim də heyətimizdə çoxlu dəyişiklik olmuşdu bu oyunda. Ümumiyyətlə, çempionatımızda bütün oyunlar belə çətin keçir. Hazırda zəif komanda yoxdur. “İnter”in də zəif olduğunu deməzdim”.

 

Əmirquliyev Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Kopenhagen”ə qarşı səfərdə keçirəcəkləri matçdan da söz açıb: “Kopenhagen”in necə komanda olduğunu Bakıda gördük. Çox güclü rəqibdir. Evdə qələbə qazanmağımıza baxmayaraq, cavab matçı çox çətin olacaq. Bu səbəbdən də görüşə tam gücümüzlə hazırlaşırıq. Bütün fikrimizi həmin oyuna yönəltmişik. Əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq”.

 

O qeyd edib ki, “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasının deyil, Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyir: “Komandada hər hansı rahatçılıq yoxdur. Məqsədimiz Avroliqanın yox, ÇL-in qrupunda oynamaqdı. Avroliqanın qrupunda bir neçə dəfə oynamışıq. İndi hədəf Çempionlar Liqasıdır”.

Xəbər xətti