Qara Qarayev: "Səfərdə bu baxımdan çətinliyimiz olur" MÜSAHİBƏ

00:30 - 20 Avqust 2017

"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində baş tutan "Qarabağ" - "İnter" (1:0) oyunundan sonra jurnalistlərə müsahibə verib.

 

Millimizin üzvü Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb:

 

- "Kopenhagen"lə oyun haqda nə düşünürsən? İndidən "Qarabağ"ın mərhələ keçdiyini düşünmək olar?

- Yox, mərhələ keçməkdən danışmaq hələ tezdi. Nəyə görə deyirəm? Biz "Şerif"lə oynayanda öz meydanımızda rəqibi qapısına sıxmışdıq, onlara oynamaq üçün imkan vermirdik. Amma özünüz də gördünüz ki, "Kopenhagen"lə oyun fərqli idi. Bizim daha çox topla davranmağımıza baxmayaraq, rəqib təhlükəli vəziyyətlər yaradırdı. Yəni rəqibi tanıyırıq, necə oynayacaqlarını bilirik. Rəqibin həmlələrinin qarşısını ala bilsək və həmin gün idman şansı bizim yanımızda olsa, inşallah, tarix yaza bilərik. 

 

- Necə düşünürsən, "Kopenhagen" "Qarabağ"dan güclü komandadı?

- Birinci oyuna nəzər salsaq, biz qələbə qazanmışıq və biz üstün tərəfik. Amma ikinci oyunu da gözləmək lazımdı. Güclü və zəif olduğumuzu müqayisə etmək istəməzdim. Çünki "Kopenhagen" sözünü demiş komandadı. 

 

- "Kopenhagen" - "Vardar" oyununu yəqin ki, izləmisən. "Vardar" pis oynamasa da, matçın gedişində ani səhvlər etdi və qapısından 4 qol buraxdı. Yəqi ki, "Qarabağ" "Vardar"ın səhvlərini etməz...

- Ümumiyyətlə, fərdi olaraq düşünürəm ki, bu hər bir futbolçunun xüsusi hazırlaşacağı oyundu. Bu, son şansdı. Bu oyunda ciddi zədə alsam da, əhəmiyyət vermərəm. Hər şeyi bu oyunda qoymaq olar. Bir neçə amil var ki, onların qarşısını ala bilsək, uğur qazanacağıq. Amma yenə deyirəm, elə-belə komanda ilə qarşılaşmağa getmirik. Bildiyimə görə, oyun üçün 44 min bilet satılıb. Bu da oyunun mahiyyətindən, azarkeşlərin bu matça diqqətindən xəbər verir. Sözsüz ki, bu amil komandanı ruhlandıracaq və daha yaxşı oynayacaqğıq.

 

- Əvvəllər klublarımız Avrokubok matçına çıxanda həyəcan keçirirdilər, ilk dəqiqələrdə qol buraxacağımızdan qorxurduq. ÇL-də və AL-də bir çox oyun keçirən "Qarabağ"da həyəcan olmur?

- Ən çox ev oyunlarında bu stressi ata bilirik. Amma səfərdə bu baxımdan çətinliyimiz olur. Necə ki, evdə azarkeşlərimiz bizə ruh verirlır, səfərdə də meydan sahiblərinin azarkeşləri komandalarını elə dəstəkləyirlər.

 

- Ev oyunundakı azarkeşlər Danimarkadakı oyunda olmayacaqlar...

- Onların səsi qulağımızdadı. İnşallah, uğur nəticə ilə qayıdarıq. Bu azarkeşlərin, Azərbaycan futbolunun belə uğura ehtiyacı var. Xalqı sevindirmək üçün əlimizdən gələni edəcəyik.  

 

- Penaltilərə hazırlaşmısınız?

- Penalti seriyaları haqda düşünməmişəm. 

 

- Ümumiyyətlə, komanda penaltilər seriyasına psixoloji cəhətdən hazırdı?

- Həyəcan, təzyiq bizi sevənlərdən yaranır. Peşəkar futbolçu həlledici anda həmin gərginliyi üzərindən atmalıdı. Penaltilər seriyasına qalsaq, onda da belə olmalıdı.

Xəbər xətti