Tərlan Quliyev: "Belə şeylərə öyrəşmişəm" MÜSAHİBƏ

"İnter"in futbolçusu Tərlan Quliyev Azərbaycan Premyer Liqanın 2-ci turunda "Qarabağ”a məğlub olduqları oyunla (0:1) bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran 25 yaşlı müdafiəçi deyib ki, oyunun onlar üçün ağır keçəcəyini gözlədiklərini söyləyib:

 

- Vəziyyətimiz hamıya məlumdur. Çox çətinliklərimiz var. 0:1 hesablı məğlubiyyət bizim üçün qənaətbəxşdir. Oyunun sonlarında yorğunluq öz sözünü dedi, buna görə də fikrimizi toplaya bilmədik. Adi bir səhvdən qapımızda qol gördük.

 

- Matçın sonlarına yaxın baş məqşçiniz bir neçə futbolçunu meydana buraxdı. Səncə, qol buraxmağınızda sonradan oyuna girən futbolçuların təsiri oldu?

- Əslində, mən düşünürəm ki, əvəzetmələr daha tez olmalı idi. Çünki komanda çox yorulmuşdu. Mən özüm də dedim ki, artıq əvəzetmənin vaxtıdır. Çünki çox oyunçumuz meydanda gəzirdi. Bizdə ehtiyatdakı futbolçuların çoxu gəncdir.

 

- Oyunun gedişində tez-tez hakimə etiraz edirdin. Nə baş verirdi?

- Elə bir epizod oldu ki, Əfran İsmayılov bilmədən ayağıma vurdu. Hakim də mənə deyir ki, dur ayağa, heç nə yoxdur. Mən də ona etiraz edirdim. Belə yüngülvari bir vəziyyət idi.

 

- Sabiq komandan “Qarabağ”a qarşı oynadın. Bu oyun sənin üçün xüsusi bir məna kəsb edirdi?

- Xeyr. Mən 3 ilə yaxındır ki, “Qarabağ”dan ayrılmışam. Dediyiniz kimi bir şey yoxdur.

 

- Tərlan, oyundan sonra Rahid Əmirquliyev müsahibəsində dedi ki, “İnter” bu heyətlə hətta çempionluğu da oynaya bilər...

- Yox. Rahid sadəcə, bizim haqda yüksək fikir söyləyir. Reallıq budur ki, bürünc medallara oynasaq, böyük şeydi. Çempionluq çox çətindir.

 

- Demək olarmı ki, bir az da bəxtiniz gətirmədi. Çünki “İnter” ilk 2 turda “Qarabağ” və “Qəbələ” ilə qarşılaşdı.

- Mənim başım çıxmadı ki, niyə belə oldu. Püşkatma mənə qəribə gəldi. İlk iki tur ən güclü 
komandalarla qarşılaşdıq. Bu da haqsızlıqdır.

 

- Fikrincə, bu heyətlə “İnter” qışa fasiləsinə qədər dözə biləcək?

- Qışa qədər dözə bilsək, çempion olmasaq da, çempionluğa layiqik (gülür).

 

- Sabiq komanda yoldaşın Rauf Əliyevin “Kukesi”yə keçməsi barədə nə düşünürsən?

- Rauf belə bir vəziyyətdə çıxıb getsə belə, mən onun gedişinə sevinirəm. Çünki o da futbolçudu, oynamaq istəyir. Klubdakı problemlər ona maraqlı olmamalıdır. Həm də xaricə getdi. “Sumqayıt”a, “Kəpəz”ə keçmədi ki.

 

- Komandada maddi problemlər qalıb?

- Bir balaca, 2 aylıq maaşımızı almamışıq.

 

- “Mladost” üzərində qələbələrə görə mükafat vəd edilmişdi. Bu mükafatları ala bildiniz?

- Xeyr, hələ də söz olaraq qalıb. Artıq mən öyrəşmişəm belə şeylərə (gülür). “Neftçi”də oynayanda da belə hallar çox olurdu.

Tarix: 20 Avqust [14:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio