Roman Qriqorçuk: "Hakim idarəçiliyindən qətiyyən razı qalmadım" MÜSAHİBƏ

22:38 - 20 Avqust 2017

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandanızın oyunundan razı qaldız? Bu günkü oyun qarşıdakı matçlar üçün ümid verir?
- Komandamdan çox razıyam. Çünki qələbə qazandıq. Bizi növbəti turda çox ciddi oyun gözləyir. "Qarabağ" çox maraqlı və səviyyəli rəqibdi. Necə olacağını görəcəyik.

 

- Adətən qələbədən sonra gülərüz olursuz. Amma bu gün konfransa aqressiv başladız. Bu verilən sualla bağlı idi?
- Komanda qələbə qazanıb və mən özümü çox yaxşı hiss edirəm. Hər dəfə oyundan sonra fərqli emosiyalar olur. Sadəcə, ötən mövsüm elə oyunlarımız olub ki, rəqibdən çox üstün oynayıb, sonda xal itirmişik. Bu gün isə sevinirəm ki, qələbə qazandıq.

 

- Cavid Hüseynovun adı iştirak ərizəsində yox idi. Durumu çox ciddidir?

- Cavid çox çalışırdı ki, bu gün meydanda olsun. Amma hərarəti olduğu üçün risk etmədik.

 

- Bir neçə epizodda Filip Ozobiç əks hücum zamanı əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə etmədi. Bu sizin diqqətinizi çəkdi?
- Təkcə Ozobiç yox, oyunda çox məqamlar oldu ki, düzgün qərar vermədik. Belə epizodlarda düzgün qərar vermək vacibdir.

 

- "Qarabağ" "Qəbələ" ilə oyundan öncə "Kopenhagen"lə çox vacib səfər matçına çıxacaq. Bu komandanız üçün üstünlük yaradır?
- Əslində belə suallara təəccüblənirəm. Mən istərdim ki, biz də Avropa Liqasında mübarizəni davam etdirək. Güclü rəqiblərlə qarşılaşmaq hər zaman yaxşıdır. Bu, futbolçularımızın inkişafına müsbət təsir göstərir. Bu əslində "Qarabağ" üçün üstünlükdür. Çünki onlar Avropa futbolunu, sürəti görürlər. Belə olduqda heyət də geniş olmalıdır. Komandada futbolçuların çox olması üstünlükdür.

 

- Hakimlikdən razı qaldız?
- Adətən oyunlarda hakimlərlə o zaman danışırlar ki, həmin matçda penalti təyin olunur, kiməsə qırmızı vərəqə verilir. Bugünkü oyunda hakim idarəçiliyindən qətiyyən razı qalmadım. Bir neçə epizodda futbolçularımıza qarşı kobudluq oldu. Hakim rəqibin ən azı bir futbolçusuna qırmızı, 3 futbolçuya isə sarı vərəqə verməli idi. Belə olduğu halda bütün komandalar daha ehtiyatlı oynamağa çalışacaqlar.

 

- Qolun vurulmasında hücumçular yox, müdafiəçilər iştirak etdi. Bunu gözləyirdiniz?
- Bu gün Teller Mütəllimov başla qol vurdu. Bu, yaxşıdır. Daha yaxşı olan isə ikinci hissədə onun topla irəliləyib mərkəzə meyillənməsi idi.

 

- Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra iki futbolçu komandadan ayrıldı. Yeni transferlər gözlənilir?
- Xeyr, bu mövsüm transfer edərkən universal, bir neçə mövqedə oynamağı bacaran futbolçuları heyətə cəlb etdik. Qışa qədər hər hansı əksiklik olmasa, transfer etməyəcəyik.

Xəbər xətti