Samir Əliyev: "Bəzi futbolçulardan narazıyıq" MÜSAHİBƏ

12:01 - 22 Avqust 2017

"Səbail"in baş məşqçisi Samir Əliyev Sportal.az saytına müsahibə verib.
 
- “Səbail”in “Neftçi” üzərindəki qələbəsi sürpriz qarşılandı. Samir Əliyev üçün bu qalibiyyət sürpriz oldu?
- Mən də belə fikirləşirəm, sürpriz oldu. “Neftçi” flaqmandı, güclü komandadır. Məqsədimiz ən azı bir xal qazanmaq idi. Təzə yaranmış, formalaşmamış komandayıq. Premyer Liqada ilk addımlarımızı atırıq. Bizim üçün gözlənilməz qalibiyyət oldu.
 
- Komandadan, legionerlərdən razısınızmı?
- Ümumi baxanda istədiyimizi ala bilmirik. Bəzi futbolçular var ki, onlardan narazıyıq. Bu da normal bir şeydir. Bəzi futbolçular komandaya uyğunlaşmayıblar. Uyğunlaşma prosesi gedir. Legionerlərimiz bir aydır ki, bizimlədir. Oyunçulara bir neçə tur lazımdır ki, adaptasiya olsunlar.
 
- Növbəti tur “İnter”lə qarşılaşacaqsınız...
- Bizi çox ağır oyun gözləyir. “İnter” iki oyundur ki, uduzur. Onlara 3 xal bizdən daha vacibdir. Əlimizdən gələni edəcəyik.
 
- Yeni transfer Emin Cəfərquliyevin komandadan ayrılması bir qədər gözlənilməz oldu...
- Türkiyədəki toplanışda bizə şəxsi problemlərinin olduğunu bildirirərək düşərgədən ayrılıb Bakıya qayıtmışdı. Biz də ona icazə vermişdik. Bakıya gələndə görüşdük və problemlərinə görə ayrılmaq istədiyini söylədi, biz də razılaşdıq. Ona uğurlar arzu etdik.
 
- Transfer pəncərəsinin başa çatmasına bir qədər vaxt qalıb. Komandaya yeni qoşulanlar olacaq?
- Say baxımından əlimizdə kifayət qədər futbolçu var. Bu oyunçulara şans vermək lazımdır ki, özlərini göstərsinlər. Yeni transferin olub-olmayacağı haqda dəqiq bir şey bilmirəm.
 
- “Səbail”in “Neftçi” üzərindəki qələbəsindən sonra sabiq komandanızın çalışdırıcısı Elxan Abdullayev vəzifəsindən getdi. Sizcə, bu ayrılıq “Neftçi”nin işinə yarayacaq?
- Onu zaman göstərəcək. Heç bir məşqçiyə arzu etməzdim ki, iki tudan sonra istefa versin. Hər şeyi zaman göstərəcək.

Xəbər xətti