Şahin Diniyev: "Kəpəz"dən heç yerə gedən deyiləm"

23:00 - 25 Avqust 2017

“Gərgin oyun oldu. Yeni komandayıq, gənc futbolçulardan ibarət heyətimiz var”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. Gəncə klubu Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə edib və yeni mövsümdə ilk xalını qazanıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib:

 

- Düşünürəm ki, bir qədər səbir etmək lazımdır. Komandamız meydanın hər qarışı uğrunda vuruşdu. Qazanılan xal komandaya yaxşı motivasiya verəcək. Ümid edirəm ki, gələcək oyunlarda yaxşı çıxış edəcəyik.

 

- Futbolçulardan istədiyinizi ala bildiniz?

- Yenə deyirəm ki, komandamız yenidir. Şadam ki, komandamızda potensial var və növbəti oyunlarda özümüzü toparlamalıyıq.

 

- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...

- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.

 

- Adınız “Neftçi” ilə hallanır. Siz indiki “Neftçi”ni qəbul edərsiniz?

- “Neftçi”nin öz siyasəti var. “Neftçi”nin heyətində yaşı oyunçular var və bu gün çox yaxşı oynadılar. Sualınıza gəlincə, mən “Kəpəz”dəyəm və buradan heç yerə gedən deyiləm.

 

- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?

- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”.

Xəbər xətti