Ramil Şeydayev: "Qarabağ"a keçmək mənim qərarım idi" MÜSAHİBƏ

Millimizin və "Qarabağ"ın futbolçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsində San Marinoya 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az gənc hücumçunun müsahibəsini təqdim edir:

 

- Qol vura bilməməyin üçün nə çatmadı?

- Ustalıq çatmadı (gülür). Düzü, bilmirəm. Ola bilsin, oyun praktikam azdır. Hansısa xırda məqamlar var ki, gələcəkdə qollar vurmaq üçün onlar üzərində işləmək lazımdır. Qol vurmalı idim. Amma alınmadı.

 

- Daha üstün olan Slovakiya çempionatından Azərbaycan Premyer Liqasına gəlməyində hansı amillər rol oynadı?

- Əvvəla, Slovakiya çempionatının Azərbaycanınkından üstün olması fikri ilə razı deyiləm. Düzdür, mənfi hal odur ki, bizdə onlara nisbətən komanda sayı azdır. Amma komandaların səviyyəsinin Slovakiyadakılardan aşağı olmadığı dəqiqdir. Təbii ki, "Qarabağ"a keçmək mənim qərarım idi. Amma atamla və kiminləsə məsləhətləşdim. Yekun qərarı isə yalnız özüm qəbul etdim. "Qarabağ"da və millidə oynamaq mənə özümü göstərməkdə yardımçı olacaq. Yaxşı olduğumu sübut etsəm, oynayacağam. Əlbəttə, bu amillər xeyrimə işləyəcək.

 

-Əsas heyətdən kənarda qalmaqdan qorxmursan?

- Asan olmayacaq, ancaq özümü sübut etməliyəm. Bunu bacarsam, heyətə də düşəcəm.

 

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində oynaması amili keçidinizdə nə qədər rol oynadı?

- Təbii ki, bu, öz rolunu oynadı. Amma oynamasaydı belə, bu təklifi nəzərdən keçirərdim. "Qarabağ"ın qrup mərhələsində oynaması əlavə amildir. Bu, yaxşı haldır və Azərbaycan futbolu, eləcə də hamı üçün müsbət məqamdır.

 

- Robert Prosineçki oyundan sonra sizə nə dedi?

- Hər kəsi təbrik etdi, mənə dedi ki, ruhdan düşmə, belə davam elə.

Tarix: 5 Sentyabr [12:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2017
23  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio