Vüqar Bəybalayev: "Neftçi" ilə oyunun bizim üçün necə önəmli olduğunu bilirik"

13:50 - 10 Sentyabr 2017

"Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışıq. Premyer Liqada yaranan fasilədən istifadə edib "Qəbələ" ilə yoldaşlıq oyunu keçirdik. Bu oyunda hazırlığımız istədiyimiz kimi alındı".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Vüqar Bəybalayev deyib.

 

Gənc yarımmüdafiəçi bu gün qarşılaşacaqları "Neftçi" ilə oyun barədə fikirlərini bildirib. O, bu matçın "Sumqayıt" üçün çox vacib olduğunu qeyd edib:

 

"Komandamız bu həftə var gücü ilə "Neftçi" ilə matça hazırlaşıb. Bu oyunun bizim üçün necə önəmli olduğunu bilirik. Son iki oyunda məğlubiyyətlə üzləşmişik. Artıq qələbə qazanıb həm turnir cədvəlində vəziyyətimizi yaxşılaşdırmalı, həm də azarkeşlərimizi sevindirməliyik. "Neftçi"nin də vəziyyətinin heç də yaxşı olmadığını bilirik. Başa düşürük ki, onlar da oyuna var gücləri ilə çıxacaqlar. Onların da vəziyyəti yaxşı deyil. Ən azından turnir cədvəli bunu deyir. Ümid edirəm ki, komandamız bu oyundan alnıaçıq çıxacaq".

 

Bəybalayev komandaların şanslarını dəyərləndirib. 24 yaşlı yarımmüdafiəçi "Sumqayıt"ın doğma meydanda oynadığı üçün daha şanslı olduğunu düşünür:

 

"Evdə oynadığımıza görə bizim şansımızın daha çox olduğunu düşünürəm. Azarkeş amilinin də burda böyük rolu var. Azarkeşlərimizin dəstəyi və doğma meydanda oynamağımız bizim şansımızı artırır. Ümid edirəm ki, qalib olan tərəf biz olacağıq".

Xəbər xətti