"Şüvəlan"ın kapitanı: "Hardasa səhv buraxmışam"

17:13 - 14 Sentyabr 2017

"Komandamızda hər şey yaxşıdı. Tam gücümüzlə çempionata hazırlaşırıq. Məqsədimiz yüksək yerlər uğrunda mübarizə aparmaqdı".

 

Bu fikirləri Sportal.az-a verdiyi açıqlamada "Şüvəlan"ın kapitanı Hüseyn Axundov səsləndirib.

 

Təcrübəli futbolçu Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacaqlarını deyib:

 

"Təbii ki, bütün komandaların arzusu çempion olmaqdı. Biz də bunu istəyirik. Hər şeyi çempionat göstərəcək. Yaxşı yerlər uğrunda mübarizə aparacağıq. "Şüvəlan"a gəlməkdə məqsədimiz komandaya kömək etməkdi. Mən və komanda yoldaşlarım çalışacağıq ki, komandanı yenidən Premyer Liqaya yüksəldək. Komandamız kifayət qədər yaxşı futbolçulardan qurulub  Heyətimizdə Premyer Liqa təcrübəsi  olan 7-8 futbolçu var. Bu da ondan xəbər verir ki, "Şüvəlan" I Divizionun iddialı komandalarındandı. Mən də bir kapitan kimi komandamıza güvənirəm. İnanıram ki, yüksək yerlər uğrunda mübarizə apara biləcəyik.".

 

 

Bir vaxtlar 21 yaşlılardan ibarət milli komandamızın üzvü olan futbolçu karyerasındakı eniş haqda da danışıb. O, enişin səbəbinin özündə olduğunu qeyd edib:

 

"Bəli, bir vaxtlar Premyer Liqada oynamışam. Təbii ki, hər bir futbolçu karyerasında olan enişin səbəbini ilk növbədə özündə axtarmalıdı. Yəqin ki, səhlənkarlıq etmişəm. Zədəmin də karyerama təsiri olub. Belimdən zədə almışdım. Buna görə 1 il futbol oynaya bilmədim. O da karyarama müəyyən qədər təsir elədi. İlk növbədə səbəbləri özümdə axtarıram. Hardasa səhv buraxmışam".

 

Hüseyn Axundov I Divizionda danışılmış oyundar haqda da fikrini bildirib. Təcrübəli yarımmüdafiəçi belə məsələlərdən uzaq olduğunu söyləyib:

 

"O məsələlər bizim işimiz deyil. Bizim işimiz futbol oynamaqdı. Ötən mövsüm I Divizionda ilk ilim idi. MOİK-də oynadım. Öz komandamızda belə halın şahidi omamışam. Bizə oyun satmaqla bağlı heç bir təklif olmayıb. Amma yəqin, danışılmış oyunlar olub ki, komandalar çempionatdan uzaqlaşdırılıb. Bir misal var, od olmayan yerdən tüstü çıxmaz. Belə məsələlər bizim işimiz deyil. AFFA, PFL özü lazım olan cəzaları verir".

Xəbər xətti