"Şahdağ"dan ittiham: "Qərarı mayda verirlər, indi yox..."

12:46 - 15 Sentyabr 2017

“Komandamızı I diviziona niyə buraxmadıqlarını bilmirəm. Səbəbini öyrənəcəyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Şahdağ” komandasının baş məşqçisi Kamran Əlibabayev deyib.
 
I divizionun yeni mövsümündə 10 komanda - “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK, “Binə” və “Xəzər” mübarizə aparacaq. Yarışa buraxılmayan komandaların sırasında “Şahdağ” da var.
 
Qusar təmsilçisinin baş məşqçisi məsələ ilə bağlı fikirlərini bildirib. O, bu qərarın onlar üçün sürpriz olduğunu deyib: “Nümayəndələrimiz Bakıdadı, AFFA rəhbərliyi ilə görüşüb, “Şahdağ”ın I diviziondan kənarda qalmasının səbəbini soruşacaqlar. Nə üçün belə addım atdıqlarını bilmək istəyirik. Məsələ həll edilməlidi. Təbii ki, bu cür qərarı gözləmirdik. İkincisi də, qərarı mayda, iyunda verərlər, sentyabrda yox. Biz bilmirik ki, komandanı niyə yığmışıq? Vaxtında desəydilər ki, sizi I diviziona buraxmırıq, tədbir görərdik. Çempionata bir neçə gün qalmış açıqlayırlar ki, “Şahdağ”ı buraxmırıq”.
 
I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Bu haqda da danışan Əlibabayev həmin liqada oynamağa razı olmadıqlarını  bildirib: “Region Liqası” söhbətindən xəbərim yoxdu.  Mən gözləyirdim ki, I divizionda 14-16 klub iştirak edəcək. Amma bunlar komandaların sayını artırmaq əvəzinə azaldırlar”.

Xəbər xətti