Qabriel Matey: "Bəzən futbol bunu tələb edir" MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turunda baş tutan "Neftçi" - "Zirə" oyunu qonaqların qələbəsi ilə başa çatıb - 1:2. Oyundan sonra jurnalistlərə müsahibə verən "Zirə"nin futbolçusu Qabriel Matey Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb: 

 

- Növbəti qələbə ilə liderliyinizi qorumağı bacardınız. Qarşılaşma barədə fikirlərin necədir?

- Əvvəlcə bütün komandanı qələbə münasibəti ilə təbrik edirəm. Açığı, komandamız yaxşı mərhələdi və yaxşı günlərini yaşayır. Biz "Neftçi" ilə oyuna qələbə üçün gəlmişdik. Rəqibimiz hazırda yaxşı günlərini yaşamır və biz bu imkandan faydalanmalı idik. 

 

- Oyunun sonuna yaxın "Neftçi" azlıqda qalmışdı və düşünmək olardı ki, "Zirə" rəqibini daha çox sıxmağa çalışacaq. Amma siz vaxtı "öldürmək" üçün çalışdınız...

- Biz səfərdə oynayırdıq. Düşünürəm ki, çox ağıllı futbol nümayiş etdirdik. Hesabda irəlidə idik və bundan faydalanmağımız lazım idi. Fikrimcə, müdafiədə oturmaq ən ağıllı qərar idi. Bəzən futbol bunu tələb edir. 

 

- Azərbaycanda oyunların çox süni örtüklü meydanlarda keçirilir. Uyğunlaşmaq çətin deyil?

- Təbii ki, bunun da öz ziyanı var. Mənim üçün müəyyən qədər çətindir. Çünki karyeram ərzində ancaq təbbi ot örtüklü meydanlarda oynamışam. Amma biz peşəkar futbolçular və bu duruma uyğunlaşmalıyıq. Ümid edirəm ki, gələcəkdə belə problemlər olmayacaq. 

 

- Necə düşünürsən, komandanız liderliyini növbəti oyunlarda da qoruya biləcəkmi?

- Əlbəttə, məqsədimiz budu. Çünki komandamız ailə kimidi, gücümüz birlikdədir. Belə davam etsək, liderliyimizi də qoruya biləcəyik.

 

- Azərbaycan çempionatında oynamaq çətin deyil?

- Bəli, əvvəllər Azərbaycan futbolu haqqında məlumatım yox idi. Amma bura gələndən sonra ilk təəssüratlarım müsbət oldu. Hazırda komanda yoldaşlarım, hər kəs çox mehribandı. Yenə qeyd edirəm, biz ailə kimiyik. "Qarabağ" hazırda Çempionlar Liqasında mübarizə aparır, "Qəbələ" onlardan geri qalmır, yaxşı futbol sərgiləyir. Biz də arıtq inkişaf mərhələsindəyik və belə davam etsək, təbii ki, hər şey yaxşıya doğru gedəcək.

 

- Çempion olmağı hədəfləyirsiniz, yoxsa əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır?

- Bilirsiniz ki, futbolda hər şey mümkündür. Biz indidən çempionatın yekunları ilə bağlı bir şey deyə bilmərik. Sadəcə, hər bir oyunu özümüz üçün bölmüşük və hər bir oyuna xüsusi motivasiya ilə çıxırıq. Çempionatın sonunda bütün qaliblərin adı müəyyənləşəcək.  

 

- Növbəti oyununuz "İnter"ə qarşı keçirəcəksiniz və həmin klubun heyətində həmyerlin Adrian Skarlatake oynayır. Həmin matç haqda nə deyə bilərsən?

- Adrianı çox yaxşı tanıyıram. Boş vaxtımız olanda şəhərdə görüşürük və kofe içirik. Hətta onu Rumıniyada oynayanda da tanıyırdım. "İnter"ə gəlincə, rəqib çox yaxşı komandadı, bizim üçün çətin olacaq. Həmin oyuna da xüsusi motivasiya ilə çıxacağıq.  

Tarix: 17 Sentyabr [00:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio