Qurban Qurbanov: "Bu gün həmin futbolçuların oyunundan razı qala bilmərəm" MÜSAHİBƏ

21:05 - 17 Sentyabr 2017

Topaz Premyer Liqasının 5-ci turunda "Qarabağ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

 

- Qələbə qazanmaq istəyirdik. "Kəpəz"in müdafiə futbolu sərgiləyib, əks hücumlarda oynayacağını bilirdik. Buna baxmayaraq, iki qol vura bildik. Qalib gəlmək üçün komandam çox əziyyət çəkdi.

 

- Mediada Şehiçin əvəzedici heyətə göndərilməsi barədə məlumatlar yayılıb. Buna münasibət bildirərdiniz...
- Xeyr, İbrahim Şehiç əsas komandadadı. O, əvəzedici heyətə göndərilməyib.

 

- 3 yeni futbolçu - Tarik Elyunissi, Pedro Enrike, Ramil Şeydayev Premyer Liqada debüt etdi. Onların oyunundan razı qaldız?
- Bu gün həmin oyunçuların oyunundan razı qala bilmərəm. Öz formalarından uzaqdılar. Komandaya uyğunlaşmaq üçün onlara vaxt lazımdı.

 

- "Çelsi" ilə oyundan sonra "Kəpəz"lə matça komandanı kökləmək çətin deyil?
- ÇL başqa səviyyə, başqa temdi. Ordakı aqressiya və sürətlə burdakı arasında çox fərq var. "Çelsi" ilə elə ağır oyundan sonra futbolçuları çempionat oyununa kökləmək çətindi. Amma başqa çıxış yolumuz yoxdu.

 

- Zədədən sonra meydana çıxan Dani Kintananın performansı sizi qane etdi?
- Şadam ki, qol vurdu. Hər qol futbolçuya daha da inam verir. Ümumən hələ öz keçmiş formasına qayıtması üçün 4-5 oyun 90 dəqiqə oynamalıdır. 

 

- "Azərsun Arena"da oynamamağınızın səbəbi nədi?
- U-19 komandamızın matçına görə bu gün burda oynadıq. Buranın ot örtüyü daha yaxşıdı. Ola bilər ki, növbəti oyunlarımızı Suraxanıda oynayaq. Hələ bilmək olmaz.

 

- Olimpiya stadionuna uyğunlaşmaq çətin olmayacaq?
- İndi nəsə deyə bilmərəm. Respublika stadionu bizim üçün doğmadı. Amma Olimpiya Stadionunda azarkeş dəstəyi daha çox olacaq. Ot örtüyünün durumu haqda oyundan sonra nəsə deyə bilərəm.

 

- Ansi Aqollinin durumu nə yerdədi?
- "Sumqayıt"la oyuna yox, "Roma" ilə matçda bəlkə oynaya bilər. İndi bu barədə dəqiq bir söz deyə bimərəm.

 

- Ağabala Ramazanovun 23-lükdə olmamasının səbəbi nə idi?
- Əvvəlki zədəsinə görə. Həm də dünən məşqdə əzələsində ağrılar var idi. Ona görə risk etmədik.

 

- Yakub Jezniçakı fərqli mövqedə oynadırdız. Onun oyunu sizi qane etdi?
- Yeni mövqe deməzdim. Oyunun gedişində bəzən 3 müdafiəçi ilə oynayırdıq. Jezniçak təcrübəsinin hesabına verilən tapşırığı layiqincə yerinə yetirdi.

Xəbər xətti