"Sumqayıt"ın futbolçusu oğurluğa görə həbs olundu

10:59 - 18 Sentyabr 2017

Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov saxlanılıb.

 

Sportal.az “Report”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində oğurluq törətməsi səbəbindən yaxalanıb.

 

Polis həmin ərazidə telefon xətləri oğurluğu ilə məşğul olan mütəşəkkil qrupun üzvlərini ələ keçirib. Tutulan dəstə üzvlərindən biri isə N.Muxtarovdur.

 

Dəstə üzvləri ötən gün səhər saatlarında yerli polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulublar.

 

Məlumat Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən də təsdiqlənib. Bölmədən bildirilib ki, hazırda fakt üzrə istintaq aparılır.
 

"Sumqayıt" klubunun meneceri Ceyhun Sultanov isə hadisədən xəbərsiz olduğunu söyləyib. O, Muxtarovun bir neçə gündür məşqlərə qatılmadığını da əlavə edib: "Atası Asif Muxtarov bir neçə gün əvvəl zəng edib demişdi ki, oğlum xəstədir, ona görə məşqlərə gələ bilmir".
 

Qeyd edək ki, Nicat Muxtarov əvvəllər Zaqatalanın "Simurq", Bakının "Rəvan", eləcə də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da forma geyinib. O, "Sumqayıt"a 2015-ci ilin yayında keçib.

Xəbər xətti