Valverde: "Barselona"nın lider olması önəmli deyil"

22:19 - 18 Sentyabr 2017

İspaniya La Liqasının 5-ci turu çərçivəsində sabah “Eybar”a qarşı keçiriləcək matçdan qabaq “Barselona”nın baş məşqçisi Ernesto Valverde mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Arda Turanla bağlı verilən suala belə cavab verib:
“Ümumi olaraq baxsaq, hər futbolçu komandanın bir parçasıdı. Arda da bunlardan biridi.  Mövsüm uzundu. Bərabər davranmağa çalışıram. Faydalı olacağına inansam, əlbəttə heyətə daxil edəcəm”.


Valverde 4 turdan sonra komandasının 12 xalla vahid lider olmasının hal-hazırda əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Sabahkı matçdan başqa heç bir şey üçün narahat olmaq lazım deyil. Bir ay əvvəl Super Kubok oyununda uğursuz nəticə əldə etdik. 1 ay sonra da hər şey dəyişə bilər. Biz işimizə köklənib mətbuatda yazılanlara fikir verməməliyik”.


Ən az 3 ay yaşıl meydanlardan kənarda qalacaq Usman Dembelenin “Xetafe” matçında zədələnməsində fransız futbolçunun özünün də günahının olduğunu deyən 53 yaşlı çalışdırıcı bu sözləri deyib: “Veteran bir futbolçu o topuq hərəkətini etməzdi”.


Dembelenin yerini doldura biləcək futbolçuları da sadalayan Valverde: “Dembelenin yerini Deulofeu, Aleks Vidal, Denis və Andre Qomeş ilə doldura biləcəyimi düşünürəm. Hər oyuna ideal heyət qurmağa çalışacam. Təbii ki, bunun üçün uşaq məktəbinə də baxacam”.

 

Xəbər xətti