Nizami Hacıyev: "İnter"in futbolçuları canavar kimidirlər" MÜSAHİBƏ

00:05 - 19 Sentyabr 2017

"İnter"in kapitanı Nizami Hacıyev Sportal.az-a müsahibə verib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- “İnter”də maliyyə durumu nə yerdədi? Futbolçuların rəhbərliyə etiraz etməsi ilə bağlı məlumatlar var. Bu nə dərəcədə həqiqətə uyğundu?
- Belə informasiyaların hardan qaynaqlandığını bilmirəm. Əgər etiraz etsəydik, “Sumqayıt”la oyuna çıxmazdıq. Biz meydana çıxdıq, canla, başla mübarizə apardıq. Əlbəttə 1:1 hesabı bizi qane etməyən nəticədi. Amma bu futboldu. Futbolda hər şey ol bilər. Heç bir etirazdan söhbət gedə bilməz. Komandada hər şey qaydasındadı. 

 

- Maaşlarınızı almısız?
- Xeyr. Maaşımızı almamışıq. 2 ayın ödənişi qalıb. Amma klub rəhbərliyi, Zaur Axundov söz verib ki, bu həftə maaş veriləcək. Biz ona inanırıq. Müəyyən çətinlklər var. Bizə də bu çətinliklərin nə ilə bağlı olduğunu başa salıblar. Biz də başa düşürük. Bir gün, beş gün gecikməklə heç nə olmaz. Dözüb, öz işimizi yerinə yetirməliyik. Klub idarə etmək asan deyil. Biz futbolçular da bunu başa düşürük, rəhbərliyimizə dəstək oluruq. Onlar da bizə dəstək olub problemlərimizi həll edəcəklər.

 

- Rauf Əliyev “İnter”dən maliyyəyə görə getdi?
- Rauf Əliyevin komandadan getməyində pul heç bir rol oynamadı. Rauf ölkə xaricində oynamaq istəyirdi. Bu da normaldı. Klub rəhbərliyi ilə müəyyən narazılıqlar olsa da, sonradan bir-birilərini başa düşdülər.

 

- “İnter” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Bu heyətlə komandanın çempionatda hədəfi nədi?
- Desəm ki, çempionluq üçün oynayacağıq, bu gülməli olar. “İnter”in adı var. Bu adı da qoruyub saxlamağa çalışacağıq. Ən azından ilk üçülükdə olmalıyıq. Heyətimiz bir az zəifdi. Ehtiyat oyunçular skamyasında oturacaq oyunçularımız yoxdu. Bunun da səbəbləri var. Bildiyiniz kimi “İnter”ə transfer qadağası qoyulub. Dekabr ayına kimi biz buna dözüb, maksimum xal toplamağa çalışacağıq. Artıq yanvar ayından sonra yeni transferlər edə biləcəyik. Bundan sonra daha güclü “İnter” görəcəksiz.

 

- Zaur Svanadzedən razısız?
- Zaur Savanadze ilə heç vaxt problemim olmayıb. Futbolçular onu çox istəyir. Hamımızla yaxşı rəftar edir. Heç kəsə sərt cavab vermir. 15 yaşlı futbolçudan tutmuş, 35 yaşlı futbolçuyadək, hamı ilə mülayim rəftar edir. Hər problemi, vəziyyəti yaxşı tərəfdən düşünən insandı. Baş məşqçimiz il heç bir problemimiz yoxdu. Bizim tərəfimizi saxlamağa ehtiyac yoxdu. “İnter”in futbolçuları canavar kimidirlər. Bu gün biz futbolçular komandada həlledici rolu oynayırıq. Ona görə də nə baş məşqçiyə, nə də klub rəhbərliyinə futbolçularla problemin olması sərf etmir.Biz öz işimizi görürük. Nə rəhbərlikdən, nə də klub rəhbərliyindən qeyri-adi heç nə tələb etmirik. Sadəcə maaşımızı gözləyirik. Bu da normaldı. Hər bir futbolçu, işçi, hansı işi gördüyündən asılı olmayaraq çəkdiyi əziyyətin qarşılığını almaq istəyir. Bizə nə vaxt maaşların veriləcəyi söz verilibsə, həmişə yerinə yetirilib. Son vaxtlar klubun adı dəyişdirilməsi, sənədləşdirmə ilə bağlı bir neçə problem oldu. Bunlar hamısı nüanslardı. Belə səbəblərə görə maaşlar gecikir. Biz də başa bunu düşürük. 

Xəbər xətti