Mahmud Qurbanov: "İndidən görünür ki, çempionluğa ən real namizəd "Qarabağ"dır"

15:58 - 19 Sentyabr 2017

Milli komandamızın köməkçi məşqçisi Mahmud Qurbanov Sportal.az saytına açıqlama verib.
 
Mütəxəssis Premyer Liqanın 5-ci turunda keçirilən oyunlar barədə danışıb. Qurbanov turun açılış - "İnter" - "Sumqayıt" maçından (1:1) danışıb:
 
“İnter” – “Sumqayıt” görüşünü stadiondan canlı izlədim. Çempionatımızda bir çox sürpriz nəticələr qeydə alınır. Debütant “Səbail” adlı-sanlı “Neftçi”ni məğlub edib. Məncə, “Sumqayıt”ın səfərdən 1 xalla qayıtmasına təəccüblənmək olmaz. Samir Abasov yaxşı komanda formalaşdırıb. Heyətdə təcrübəli və gənc oyunçular var. “İnter” isə uzun müddətdir ki, çempionatın iddialılarındandır. Oyunda hər iki komanda qalib gələ bilərdi. Hər iki kollektiv üçün heç-heçə yaxşı nəticə sayıla bilər. Həmin gün sadəcə, hava çox isti idi. Futbolçular da əziyyət çəkirdi. Bu da oyuna təsir edirdi”.
 
Mütəxəssis Tərlan Əhmədovun "Neftçi"yə gəlişindən və ilk oyunda paytaxt təmsilçisinin "Zirə"yə 1:2 hesabı ilə uduzması barədə fikirlərini bildirib:
 
"Əhmədovun fəaliyyətinə 1 oyuna görə qiymət vermək düz olmaz. Komandanın oyununu müzakirə etmək çətindir. Hazırda onu deməliyik ki, “Neftçi” 1 xalla autsayderdi. Tərlan Əhmədov da yeni baş məşqçi təyin edilib. Problemlərlə artıq yaxından tanış olub. Rəşad Sadiqovun da “Neftçi”yə köməyi dəyəcəyini düşünürəm. “Zirə” isə bu mövsüm daha yaxşı oyun nümayiş etdirir. Bu oyunda da onlar yaxşı çıxış etdilər. Turnir cədvəlində də 1-ci yerdədilər".
 
Qurbanov "Qarabağ" - "Kəpəz" matçı (2:0) barədə bu fikirləri səsləndirib:
 
“Kəpəz” və “Neftçi” ölkəmizin iddialı klublardı. Onların autsayderlər sırasında olmalarını istəməzdim. Hər iki komandada çıxış etmişəm. Amma qarşıda çox oyunlar var. İnanıram ki, bu uğursuzluğu aradan qaldıracaqlar. “Qarabağ”ın oyunu isə artıq hamımıza bəllidi. İndidən görünür ki, çempionluğa ən real namizəd “Qarabağ”dır. “Qəbələ” və “Zirə”ni siyahıdan silmək olmaz".
 
Mütəxəssis "Qəbələ"nin "Səbail" üzərindəki 3:1 hesablı qələbə qazanması barədə bunları söyləyib:
 
“Qəbələ”nin oyunçuları daha təcrübəli və ustadırlar. Bu da “Səbail” üzərində qələbədə böyük rol oynadı. “Səbail”də istək çoxdu. Çox çalışırlar. Futbolda əsas nəticədi. “Qəbələ” də öz nəticəsini əldə edir. Heyətdə yeni oyunçular da var".
 
Mahmud Qurbanov 4 turdan sonra 4 komandanı oyununa görə müsbət mənada fərqləndirib:
 
"4 tura görə nəsə demək həqiqətən də çətindir. Amma “Qarabağ”, “Qəbələ”, “Zirə” və “Sumqayıt”da nəsə gözə çarpır. Bəzi klublarda maliyyə və heyətlə bağlı problemlər var. Biz 90 dəqiqə oyuna baxırıq. Problemlər isə komanda daxilində qalır. Çempionat yeni başlayıb. Qarşıda uzun marafon var. Hansısa komandanı aşağı salıb, hansınısa yuxarı qaldırmaq olmaz".

Xəbər xətti