AFFA rəsmisindən ÇL finalı ilə bağlı açıqlama

18:18 - 19 Sentyabr 2017

2019-cu ildə Çempionlar Liqasının və Avropa Liqasının turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun saytına açıqlama verib. Bildirib ki, prosedur qaydalara uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri lazımı qaydada hazırlanaraq, UEFA-ya təqdim olunub: "Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.

Bu gün isə UEFA-da Yuksək İdarə Heyətinin iclası keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq".

 

Elxan Məmmədov Olimpiya stadionunun ÇL-in finalına ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: "Bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Xəbər xətti