Aqil Nəbiyev: "Bu il I Divizion daha maraqlı olacaq" MÜSAHİBƏ

01:03 - 20 Sentyabr 2017

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Şüvəlan" yoxlama oyununda I Divizionun debütantı "Xəzər" klubunu qəbul eləyib və 2:1 hesablı qələbə qazanıb.
 
Oyundan sonra "Şüvəlan"ın çalışdırıcısı Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib. Nəbiyev ilk olaraq komandanın hazırlığı barədə danışıb:
 
- Bir aya yaxın seleksiya oldu. Çox futbolçular yoxlanışdan keçdi. Deyərdim ki, 60-70 faiz hazırıq. Futbolçulardan istədiyimizi tam olaraq ala bilmirik. Oyunçularda əzmkarlıq və istək var. Amma daha çox çalışmaq lazımdır. Bəzi futbolçularımızda ustalıq səviyyəsi aşağıdır. Heyətimizdə 19 futbolçu var. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verdik. Büdcəmizə uyğun olaraq addım atırıq. Yoldaşlıq oyunlarını əvəzedici komandalar, I Divizion və həm də Premyer Liqa klublarına qarşı keçirdik. Biz çempionata hazır olmaq üçün çox işləməliyik.
 
- Rəqibiniz "Xəzər" necə təsir bağışladı?
- Biz də komandanı yenidən qurmuşuq. “Xəzər” də yeni komandadır. Çox istəkli çıxmışdılar meydana. Deyərdim ki, eyni səviyyəli komadalarıq. Ancaq hər şeyə çempionatda aydınlıq gələcək. İndi nəsə demək çox çətindi.
 
- I Divizonda 10 komandanın oynanılmasına qərar verildi. Klubların sayının az olmasına münasibətiniz necədir?
- Həm Premyer Liqa, həm də I Divizionda komandaların sayının az olması heç də yaxşı hal deyil. Bir çox sponsorlar klublardan çəkildilər. Ölkənin federasiyası həm I Divizionda, həm də yüksək dəstədə bir neçə komandaya himayədarlıq edir. Federasiyda da neçə kluba baxa bilər? İşin içində deyilik. Bu qərara da hörmətlə yanaşmalıyıq. İstərdik ki, klubların sayı çox olsun. Özü də bölgə komandalarının daha çox olması müsbətdi. Çünki regionlarda futbola azarkeşlər böyük maraq göstərir. Sponsor olmadığı üçün hazırda vəziyyət belədi. Bəzi söz-söhbətlər də var ki, oyun alğı-satqısına görə də buraxılmayan komandalar oldu. Əgər həqiqətən də belə olubsa, Mən də bu qərarı dəstəkləyirəm. Bu, ölkəmiz üçün yaxşı deyil.
 
- Sizcə, bu mövsüm I Divizion daha maraqlı keçəcək?
- Ötən il komandaların səviyyələrində fərq var idi.  Bu mövsüm isə hələ ki, 10 komanda deyirlər və hamısının yaxşı heyəti var. Deyərdim ki, bərabər səviyyəli komandalardır. Gərgin və maraqlı mübarizə olacaq. Bu il I Divizion daha maraqlı olacaq.
 
- Sizcə, iddialı klublar hansılardı?
- Fərq qoymuram. Bizim məqsədimiz gələcəyin komandasını qurmaqdır. Bizdən tələb də yoxdur. Biz iddialı kollektiv qururuq.
 
- "Şüvəlan" çempion olaraq Premyer Liqaya vəsiqə qazanmaq istəyir?
- İnşallah bunu bacarırıq. Rəhbərlik də bunun olmasını çox istəyir. İddialı komanda quraraq bunu əldə etmək istəyirik. Belə şəraiti olan komanda buna layiqdir. Məqsədimiz yaxşı heyət qurub Premyer Liqaya yüksəlməkdir.

Xəbər xətti