UEFA Millətlər Liqasının formatı açıqlandı

10:51 - 21 Sentyabr 2017

UEFA 2018-ci ildə ilk dəfə keçiriləcək Millətlər Liqasının formatını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 2018-ci ilin sentyabrın 6-da start veriləcək turnirin loqosu da təqdim edilib.

 

Yarışda UEFA-ya daxil olan 55 ölkənin hamısı iştirak edəcək. Yığmalar 2017-ci ilin oktyabrında açıqlanacaq reytinq cədvəlinə uyğun olaraq A, B, C, D liqalarına bölünəcək.

 

A və B liqalarında 12, C liqasında 15, D liqasında isə 16 milli yarışacaq. A, B və D liqalarında hər qrupda 4, C liqasında bir qupda 3 komanda yer alacaq.

 

AÇ-2020-yə vəsiqələrlə bağlı qərar verilib. Turnirə 20 vəsiqənin sahibi seçmə mərhələdə məlum olacaq.

2019-cu ilin martında AÇ-2020-nin seçmə mərhələ oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yerə sahib olanlar Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.
 
Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AÇ-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək.

Xəbər xətti