Azərbaycanın İtaliyadakı səfiri: "Hamı Azərbaycanda "Roma"ya "Tottinin komandası" deyir"

13:20 - 23 Sentyabr 2017

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə "La Qazetta Della Sport"a açıqlama verib. 


Sportal.az xəbər verir ki, səfir "Qarabağ" və "Roma" arasında baş tutacaq Çempionlar Liqası qarşılaşmasından danışıb.

 

Əhmədzadə həmçinin, ÇL-in qrup mərhələsinin ölkəmiz üçün nə qədər böyük uğur olduğunu italiyalı jurnalistlərə  şərh edib: "Bu Azərbaycan tarixində ilk dəfədir. "Qarabağ" belə uğura layiq idi və ölkə də onlara tam dəstək verdi. Milli idmanımız adına olan hər uğur möhtəşəmdir. Biz bundan  məmnunuq. Ölkəmizdə də sevinclə qarşılandı".

 

Səfir "Qarabağ"ın öz təmsil etdiyi şəhərdə oynaya bilməməsindən də söz açıb: "Azərbaycan SSRİ 1992-ci ildə dağılması ilə biz müstəqilliyimizi bərpa etdik. Lakin ermənilər 1992-ci ildən başlayaraq 20 faiz torpaqlarımızı işğal etdilər. 25 ildir ki, torpaqlar işğal altındadır. Bizim ermənilərdən başqa bütün qonşu ölkələrlə əla münasibətlərimiz var. "Qarabağ"da ermənilərin işğalı altında olan Ağdamlı təmsil edir. Həmin şəhər düşmən ordu tərəfindən tamamilə dağıdılıb. İnsanlar evlərini tərk edib. Ağdam "qarabasma şəhər" və ya "Qafqazın Hirosumosu" adlanır. Hətta o zaman bəzi futbolçular və məşqçilər şəhəri müdafiə etmək üçün komandanı tərk etmişdilər. Bunların arasında Milli Qəhrəman Allahverdi  Bağırov da var". 

 

Sonda o, 27 sentyabrda baş tutacaq matçla bağlı gözləntilərini açıqlayıb: "Azərbaycanda "Roma"nın əfsanəvi kapitanı Françesko Tottiyə böyük sevgi var. O, həyəcanverici və dürüst futbol modelinin simvollarındandır. Hamı Azərbaycanda "Roma"ya "Tottinin komandası" deyir. Mən 2006-cı ildə dünya çempionatında Avstraliyaya qarşı penalti qolunu xatırlayıram. Totti və mən eyni yaşdayıq. Bir həftə fərqimiz var. Ümid edirəm ki, Bakıda gözəl oyun olacaq. Nəticənin necə olacağını isə zaman göstərəcək".  

Xəbər xətti