Zaur Axundov: "Toy deyil ki, oyunlara azarkeşləri dəvət edək" MÜSAHİBƏ

23:03 - 23 Sentyabr 2017

"İnter" Topaz Premyer Liqasının 6-cı turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov jurnalistlərin suallarını cavablandırıb. Klub rəsmisi ilk olaraq matç barədə danışıb:

 

- Deyərdim ki, "Zirə" 2 xal itirdi, biz isə 1 xal qazandıq. 50 dəqiqədən çox azlıqda oynadıq. "Zirə" hazırda çempionluğa oynayır. Biz də qarşılaşmaya pis başlamadıq. İlk 30 dəqiqədə yaxşı oyun sərgilədik. Qırtımovun qırmızı vərəqə alması isə işlərimizi korladı. "Neftçi" ilə oyuna hazırlaşacağıq.

 

- Baş məşqçinin iradları bir qırağa, bəs siz İlkin Qırtımovla söhbət edəcəksiniz?
- Təbii ki, danışıqlarımız olacaq. Ona iradlarımı bildirəcəm. Sarı vərəqəsi olan peşəkar futbolçu topa əlini atmamalıdı. Buna qəti yol vermək olmaz. Lazımsız çəkildə açıq-aşkar topa əlini uzatdı. Ona sərt şəkildə iradımızı bildirəcəyik və lazım olsa, cəzalandıracağıq da.

 

- Futzalla müqayisədə futbolda çox sakitsiniz.
- Komandada transfer qadağası var. Futbolçuları da başa düşürəm. Hər həftə eyni heyətlə meydana çıxırıq. İlkin Qırtımov "Neftçi" ilə matçda olmayacaq. Üstəlik, həkimlər Nizami Hacıyevə də icazə verməyə bilərlər. 1 nəfər itkimiz olanda, onu əvəz edəcək futbolçumuz yoxdu. Oyuna çox yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra mən də özümə qapandım. 50 dəqiqə təkqapı oldu.

 

- Komandada maaşlar verilib?
- Hər şey qaydasındadır. İyul, avqust fərqi yoxdu, oyunçularımız məvaciblərini alıblar.

 

- Nizami Hacıyev müsahibəsində bildirmişdi ki, mən axı nə qədər pulsuz-parasız oynamalıyam?
- O Nizaminin şəxsi işidi. Hamı maaşın alıb. Komandada problem yoxdu. Hər kəs öz fikirlərini deyə bilər.

 

- Futbolçulara mükafat verilir?
- Olur. Yaxşı keçirdiyimiz matçlarda verilir. Ən əsas odur ki, komandamız yaşayır. Mehribançılığımız var. Biz klubu bir yerə topladıq. Stabil komanda yaratdıq. Bir çox futbolçular getmək istəsə də, onları saxladıq. Qışda heyətimizi gücləndirəcəyik.

 

- Transfer fəaliyyətinə start verilib? Axtarışlar aparılır?
- Azərbaycanda bir az çətin olacaq. Ölkəmizdə 6 aylıq müqavilə azdı. Hamısının müqaviləsi mövsümün sonuna qədərdi. Legioner oyunçularla da maraqlanacağıq. Hazırda bu işlərin üzərində çalışırıq.

 

- "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Nizami Hacıyevi rəhbərliyi altında görmək istəyir...
- Hamısının mövsmümün sonuna kimi müqaviləsi var. Mən bunu sizdən eşidirəm. Bu barədə məlumatlı deyiləm. Nizami ürəkdən oynayır, can qoyur. Ondan razıyam.

 

- "Keşlə" adı nə zaman rəsmiləşəcək?
- Artıq qərar qəbul edilib. Sənədləşmə işləri gedir. Yəqin ki, qışa qədər baş verəcək.

 

- "İnter"in ev oyunlarına müəssələrdən işçilər məcbur gətirilir. Bu haqda nə deyə bilərsiniz?
- Başqa vaxt şikayət edirlər ki, stadionlar bom-boşdu, qarşılaşmalara azarkeş gəlmir. Azarkeşlər də olanda deyirlər ki, niyə bu qədər fanat var? İndi biz nə edək? (gülərək) Deyin, biz də edək. Əsas odur, fanatlar gəlir. Canlı yayımda anşlaq olduğu görünür.

 

- Zaur müəllim, onları dəvət edirsiniz?
- Xeyr, necə dəvət edək? Toydu ki, dəvət də edək?. Eşidirlər, maraqlanırlar. Nizami rayonudu, Keşlə qəsəbəsi var. Bizim layihələrimiz çoxdu. Ev oyunlarımızda lotoreya oyunu olacaq. Bu işləri qaydasına salacağıq. Lisenziya almağı gözləyirik. Nizami rayonunda əhali çoxdu. Komandamızın adı "Keşlə" olacaq. İlk olaraq Keşlə qəsəbəsində təbliğat aparılacaq.

 

- Stadionun adı "İnter Arena" qalacaq?
- Sənədləşmə işləri aparılır. Onu deyim ki, komandanın adı "Keşlə" olacaq.

 

- Yeni forma rəngləri necə olacaq?
- Qırmızı və ağ.

 

- Rauf Əliyevin "Kukesi"yə keçməsindən sonra əlaqə saxlamısınız?
- Xeyr, olmayıb.

 

- Oyununu izləmisiniz?
- Xeyr, heç maraqlanmıram da. Buna vaxtım da yoxdu.

 

- Bəs Raufdan zəng gəlsə, danışarsız?
- Mənim onunla düşmənçiliyim yoxdu. O, millimizin üzvüdü. Raufla işbirliyimiz də olub. azərbaycanın adını təmsil edir. Ona uğurlar arzu edirik.

Xəbər xətti