"Neftçi" antirekordunu təkrarladı

Topaz Premyer Liqasının VI turunda “Qəbələ” ilə qarşılaşan “Neftçi” 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, bu, texniki nəticəni də nəzərə alsaq, paytaxt klubunun ardıcıl 6-cı səfər məğlubiyyəti olub. Bakılılar rəqib meydanında sonuncu dəfə fevralın 27-də xal qazanıb. AZAL-a 1:0 hesabı ilə qalib gələndən sonra “Neftçi” ancaq öz meydanında xal əldə edib.

 

Ötən mövsümün son iki səfərində “Sumqayıt” və “Kəpəz”ə eyni – 0:2 hesabı ilə uduzan “ağ-qaralar” “Zirə” ilə görüşdə texniki məğlubiyyətə üzülüb. Cari mövsüm 3 dəfə səfərə çıxan ölkənin ən titullu klubu “Səbail” və “Sumqayıt”a eyni – 0:1, “Qəbələ”yə 1:2 hesabı ilə yenilib.

 

Rəqib meydanındakı məğlubiyyət sayını 6-ya çatdıran “Neftçi” klub tarixinin Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayıb. Paytaxt təmsilçisi bunadək iki dəfə - 2012-ci və 2016-cı illərdə də ardıcıl 6 səfər matçında xala həsrət qalmışdı. İndiki seriyadan fərqli olaraq, həmin uğursuzluq zolaqlarında texniki məğlubiyyət olmayıb. Belə sindromu üçüncü dəfə yaşayan “Neftçi” növbəti səfər matçını VII turda “İnter”ə qarşı keçirəcək.

Tarix: 25 Sentyabr [13:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio