Qurban Qurbanov: "Ölkəmizi və haqsız şəkildə işğal altında olan Ağdamı təmsil etdiyimiz üçün fəxr edirik" MÜSAHİBƏ

13:55 - 27 Sentyabr 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliya mətbuatına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Sürgündə olan klub üçün Avropada uğurlar nə deməkdir?
- Bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi bizdə bir milyondan çox qaçqın var və ərazimizin bəzi hissələri düşmənlər tərəfindən işğal edilib. Amma mən bu yaralı bölgənin klubunda fəxrlə, məsuliyyətlə işləyirəm. Heç zaman öz məsuliyyətimi unutmaram. Həmişə öz vətənini, evlərini tərk edən insanları düşünürəm.
 
- Heç Ağdamda oldunuzmu?
- Əlbəttə. Orada oldum. Amma müsahibədə bu barədə duyğularımı ifadə edə bilmərəm. Ora çox gözəl şəhər idi. Bunu ancaq öz gözlərinizlə görməlisiniz. Məni incidən odur ki, bu yerləri ziyarət edə bilmirik.
 
- Niyə Quzanlıda oynamırsız?
- Biz ötən mövsümlərdə orada oynadıq. Əgər bu mənimlə bağlı olsaydı, daha çox Quzanlıda olardım. Amma təəssüf ki, futbol şəraiti xoş deyil. Bu səbəbdən Bakıda oynamaq məcburiyyətindəyik.
 
- Azarkeşlər üçün yaxşı olmazdımı? 
- Bunu bilirik. Amma vəziyyət əlverişli deyil. İnsanlar bu komandanı sevirlər, onunla yaşayırlar.
 
- Nə vaxtsa Ağdama dönəcəyinizə ümid edirsiniz?
- Ümidlə yaşamaq lazımdı. Mən daim işğal altında olan torpaqlarımızın qayıtması üçün dua edirəm. Həmin torpaqların bizim olduğunu dünyaya duyurmaq istəyirik. Ölkə prezidenti də bu yöndə çalışır. Sizdə Azərbaycan torpaqlarının işğal altında olması barədə məlumatın olduğunu görürəm. Sizə buna görə təşəkkür edirəm. Dünyanın hər yerində sülh görmək istəyirəm.
 
- Çempionlar Liqasında oynamaq “Qarabağ” üçün nə deməkdir?
- Bu, Avropanın ən nüfuzlu yarışıdı. Bu turnirdə ən güclü klublar , futbolçular və məşqçilər çıxış edir. Azərbaycan kiçik futbol ölkəsidi. Ölkəmizi və haqsız şəkildə işğal altında olan Ağdamı təmsil etdiyimiz üçün fəxr edirik.
 
- ÇL-də ilk oyunda “Qarabağ” “Çelsi”yə 0:6 hesabı ilə uduzdu. Bu məğlubiyyətdən danışardınız…
- Komandalar arasında fərq də var. Bu, ilk oyunumuz idi. Hesab fərqli də ola bilərdi. Təcrübəsizlik öz sözünü dedi.
 
- “Roma” ilə oyun haqda nə düşünürsünüz?
- “Roma” böyük tarixi olan komandadır. “Çelsi” və “Atletiko” ilə eyni səviyyədədir. Rəqibimiz güclüdür. Heyətində güclü futbolçular yer alıb.
 
- “Roma” Françesko Tottinin karyerasını başa vurmasından sonra keçirdiyi ilk mövsümüdü…
- “Roma”nı Tottisiz təsəvvür edə bilmmirəm. O, ən yaxşı futbolçulardan biri olub.

Xəbər xətti