Ruslan Abışov: "Neftçi"ni layiq olduğu yerə yüksəldəcəyik" MÜSAHİBƏ

12:30 - 30 Sentyabr 2017

Topaz Premyer Liqasının VII turunda "Neftçi" səfərdə "İnter" üzərində qələbə qazanıb - 0:2. Oyundan sonra jurnalistlərə açıqlama verən "ağ-qaralar"ın futbolçusu Ruslan Abışov Sportal.az saytının əməkdaşının da suallarını cavablandırıb: 

 

- Mövsümdə ilk qələbənizi qazandınız. Oyun barədə nə deyə bilərsən?

- Üzərimizdə çox böyük təzyiq var idi. "Zirə" və "Qəbələ"yə qarşı yaxşı oynasaq da, bəxtimiz gətirməmişdi. Bugünkü oyunda nəhayət ki, gözlədiyimiz qələbəni qazandıq cə ilk dövrəni qələbə ilə başa vura bildik. Qarşıdan millinin oyunlarına görə fasilə yaranacaq və bundan maksimum istifadə etməyə çalışacağıq. 

 

- Baş məşqçi Tərlan Əhmədov öncəki açıqlamalarında bildirmişdi ki, futbolçularda inamsızlıq var. Həmin problem aradan qalxıb?

- Məncə, yavaş-yavaş hər şey düzələcək. Müəyyən səbəblər var idi, lakin o barədə danışmağın heç bir mənası yoxdur. Getdikcə hər şey qaydasına düşür, komanda olaraq daha möhkəm olmağa çalışırıq. İnanıram ki, bunun bəhrəsini qarşıdakı oyunlarda görəcəyik və "Neftçi"ni layiq olduğu yerə yüksəldəcəyik. 

 

- Necə düşünürsən, "Neftçi" geridönüş edə biləcək?

- Əlbəttə, sona qədər mübarizə aparacağıq. Çempionluq deməzdim, ən azından Avropa Liqasına vəsiqə verən yerə can atacağıq.

 

- Keçmiş baş məşqçi Elxan Abdullayevlə indiki məşqçi Tərlan Əhmədov arasında hansı fərqlər var?

- Mən keçmiş baş məşqçi haqda yalnız yaxşı fikirlər bildirə bilərəm. Keçmiş haqda danışmaq istəmirəm.  

 

- Millimizin toplanışına dəvət almısan. Çexiya və Almaniya ilə oyunlar haqda nə deyə bilərsən?

- Bu barədə oynayanlar danışsınlar, mən oynamıram ki (gülür). Dəvət almışam, şans qazansam, millinin qələbə qazanması üçün əlimdən gələni edəcəyəm. 

Xəbər xətti