AFFA-ya sərt sillə QEYD

13:35 - 30 Sentyabr 2017

“Bursaspor”un futbolçusu Ozancan Kökcü Azərbaycan millisində oynamaqdan imtina edib. Açıqlaması isə belə olub: “Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisində oynamaqdan imtina edirəm. Mənim əvəzimə oynayan qardaşlarıma uğurlar arzu edirəm. Qəlbim sizinlədir!”

 

AFFA hər zaman olduğu kimi, azərbaycanlı futbolçulara qarşı hörmətsizliyini davam etdirir. “Milliləşdirmə” siyasəti ilə neçə-neçə azərbaycanlı balasının haqqı yeyilir.

 

Ozancan başqa ölkənin vətəndaşı olaraq millidən imtina edir və bunun düzgün olmadığını qeyd edir. Bəs AFFA-da bu siyasəti yeridənlər niyə bunu anlamır? İllərdir ki, futbola rəhbərlik edib futbolçu yetişdirə bilmirlər. Dövlətin pulunu havaya sovuranlar dağıstanlı, türk və digər ölkələrin oyunçularına qucaq açır. Bu açıqlama ilə Kökcü AFFA-ya sərt sillə vurdu.

 

AFFA-da bir qrup şəxs dövlətin pulunu göyə sovurur. Ancaq həmin maliyyənin əvəzinə əziyyət çəkib, iş görmək lazımdır. Gənc futbolçularımız üçün şərait yaradılmalıdır. Ancaq AFFA-da başbilənlər belə düşünmür. Ölkə xaricində Azərbaycana bağlılığı olan futbolçular baş katib Elxan Məmmədovun xeyir-duası ilə millidə peyda olmağa başlayır. Düzgün iş sistemi qurmayan AFFA oyunçu yetişdirməkdə acizdir. Bu, belə də davam edəcək! Uşaq futbolunun inkişafı nə Elxan Məmmədova, nə də onun ətrafındakılara lazım deyil. 

 

“Milliləşdirmə” adlı siyasət yalnız əsas və U-21 millimizdə deyil, aşağı yaş qrupları üzrə yığmalarda, qadın futbolu və futzalda da var. Hesablasaq, 50-dən çox əcnəbi milli komandalarda çıxış edir və azərbaycanlı oyunçuların alacağı mükafatlara sahib çıxır. Bizim azərbaycanlı oyunçular isə kənarda qalır, idmandan küsür.

 

Dağıstanlı oyunçular ölkəmizdə daha çox “Sumqayıt”da peyda olur. Klubun prezidenti Kamran Quliyevin gətirdiyi son “tapıntı” olan Mehdi Cənətov şans qazandığı oyunda özünü yaxşı tərəfdən göstərə bilməmişdi. “Sumqayıt” onsuz da milliləşən oyunçuların bazasıdır. Kamran Quliyev azərbaycanlı uşaqlara yad münasibət bəsləməkdə davam edir.

 

Yalnız “Sumqayıt”ın adını çəkmək də olmaz. AFFA-nın boyunduruğu altında olan bütün klublarda dağıstanlı, türk, iranlı legionerlərə rast gəlmək mümkündür.

 

Ölkədə futbolçu yetişdirməyə həvəsli olmayan futbol məmurlarını daha çox pul və şəxsi maraqları güdür. Dövlət ayırdığı maliyyənin hesabatını soruşmayana qədər bu, belə də davam edəcək. Bu gedişlə gələcəyimiz daha təhlükəli olacaq.

Xəbər xətti